ELM VƏ TƏHSİL
“Rəqəmsal bacarıqlar” layihəsinə cari tədris ilindən daha 50 ümumi təhsil müəssisəsi cəlb edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika müəllimləri üçün ixtisasartırma təlimlərinin birinci mərhələsi keçirilib. Təlimlərə 600-dən çox 4-7-ci sinif müəllimləri qatılıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində müəllimlər pilot layihənin yenilikləri barədə məlumat əldə ediblər.
Təlimlərin nəticələrinə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda layihənin bütün müəllimlərinin bilikləri sınaqdan keçiriləcək.
Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin proqramlaşdırma sahəsində praktik biliklərini artırmaqdır.
Qeyd edək ki, yeni tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinin məktəb daxilində koordinasiya işini təşkil etmək üçün metodist, texniki mütəxəssis və idarəçi vəzifələri müəyyənləşdirilib. Hər üç vəzifəyə təyin olunan 175 metodist, 175 texniki mütəxəssis və 200 idarəçi üçün təlimlər təşkil edilib. Layihə ilə bağlı edilən yeniliklərdən biri də genişmiqyaslı qarışıq təhsil formatına (blended learning) keçiddir.
Təhsil Nazirliyinin Beynəlxalq Alqoritmika şirkəti ilə birlikdə həyata keçirdiyi “Rəqəmsal bacarıqlar” pilot layihəsinə bu tədris ilindən etibarən daha 50 ümumi təhsil müəssisəsi cəlb edilib. Bunlardan 23-ü Bakıda, 10-u Sumqayıtda, 7-si Mingəçevirdə, 5-i Şamaxıda və 5-i isə Gəncədə yerləşir. Beləliklə, layihə 123 məktəb üzrə təxminən 70 min şagirdi əhatə edib.