İQTİSADİYYAT
Rəqəmsal ekosistemin inkişafı Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaq
Bakı, 30 dekabr, AZƏRTAC
Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bildirilir ki, “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq ölkədə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcək. Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri “Ani ödəniş sistemi”nin yaradılması olacaq. Bu sistemin yaradılması ilə biznes strukturları, fiziki şəxslər və dövlət orqanları arasında hesablaşmaların məkanından və zamanından asılı olmayaraq 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması mümkün olacaq.
Ödəniş xidmətləri üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi işləri də 2020-ci ildə davam etdiriləcək. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun və ondan irəli gələn hüquqi aktların qəbulu istiqamətində işlər görüləcək. Rəqəmsal ödənişlər sahəsində tənzimləyici test rejiminin tətbiqi imkanları qiymətləndiriləcək və “Baza bank xidmətləri paketi” layihəsi təşviq olunacaq. Ödəniş ekosistemində yerli və beynəlxalq maliyyə institutlarının fəaliyyətinin təhlili, tətbiq edilən məhsulların qiymətləndirilməsi aparılacaq. Maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların tətbiqi, o cümlədən agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçılarının assosiasiyasının yaradılması nəzərdə tutulur. Rəqəmsal bankçılıq və rəqəmsal ödəniş texnologiyaları sahəsində innovativ həllərin tətbiqi, risklərin daha operativ idarə edilməsi məqsədilə tənzimləyici çərçivədə zəruri dəyişikliklər aparılacaq. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsi təşviq olunacaq.
Ümumilikdə, Mərkəzi Bank qarşıdakı strateji dövrdə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının gücləndirilməsi, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətlərində qarşıya qoyulan prioritetləri vaxtında reallaşdırmağa çalışacaq.