ELM VƏ TƏHSİL


“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin birinci mərhələsinə start verilib

Bakı, 17 noyabr, AZƏRTAC

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin birinci mərhələsinə start verilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər şəxsi kabinetlərində I mərhələ üzrə informatika fənni kursunun əsas mövzularını əhatə edən 15 tapşırığı həll etməlidirlər. Tapşırıqların həll edilməsi üzrə vaxt məhdudiyyəti qoyulmayıb, lakin qaliblər təyin edilərkən sadəcə düzgün həll edilmiş tapşırıqların sayı deyil, həmçinin onlara sərf olunan vaxt nəzərə alınacaq. I mərhələ 18 noyabr saat 18:00-dək davam edəcək.

Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər noyabrın 23-də keçiriləcək II mərhələyə buraxılacaq. Bu mərhələdə şagirdlər proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını nümayiş etdirmək üçün 7 mini-kvest tapşırığını yerinə yetirməlidirlər.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanan şagirdlər komandalara bölünəcək. Dekabr ayında keçiriləcək final mərhələsində şagirdlər əyani formada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcəklər. Sonda müsabiqənin qalibləri mükafatlandırılacaq.

Qeyd edək ki, “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.