CƏMİYYƏT


“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans başa çatıb

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə rəqəmsal formatda keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) mövzusunda beynəlxalq konfransa yekun vurulub.

Beynəlxalq konfrans dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunub.

Üç gün davam edən və 22 ölkədən 58 spikerin qatıldığı konfrans "PAŞA Holdinq", Azərbaycan Beynəlxalq Bankı, “BestComp” və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin sonuncu günündə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) milli ekspert Tural Qulunun moderatorluğu ilə keçirilən ilk panel müzakirələrində ÜST-nin Avropa Regional Ofisinin məlumat, ölçmə və analitika bölməsinin rəhbəri Devid N.Ortiz, “Microsoft”un Orta və Şərqi Avropa Səhiyyə Sənayesi Sektorunun direktoru Ruti Kaydar, ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, “Ufonia”nın icraçı direktoru və təsisçisi Nik De Penninqton, “Open Health Network”un icraçı direktoru və təsisçisi Tatyana Kanzaveli “Səhiyyənin süni intellektlə transformasiyası” mövzusu haqqında öz fikirlərini bölüşüblər.

İkinci panel müzakirələrində Elektron Hökumətin İnkişafı Mərkəzi direktorunun süni intellekt üzrə müşaviri Günay Kazımzadənin moderatorluğu ilə Süni İntellekt və Etika İnstitutunun direktoru Kristof Lütge, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə və Yaxın Şərq ölkələri üzrə texnoloji əməliyyatlar portfoliolarının rəhbəri Nizami Mansirov, “Open Ehtics”in təsisçisi Nikita Lukianets, “AIethicist.org”un təsisçisi Merve Hickok “Süni intellekt və cəmiyyət” mövzusu ətrafında geniş müzakirələr aparıblar.

Konfransın sonuncu günündə “Futuracy” şirkətinin təsisçisi və icraçı direktoru, yeni nəsil texnologiyalar üzrə dünyaca məşhur futurist Yan Xan süni intellektin gələcəyi və insan həyatını necə dəyişəcəyi mövzusunda danışıb.

“Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində təşkil olunan data yarışmasına da yekun vurulub. Data yarışmasının məqsədi bu sahədə Azərbaycanda olan mütəxəssislərin aşkar edilməsi, onlarla gələcəkdə əməkdaşlığın qurulması və yeni layihələr həyata keçirilməsidir. Azərbaycanda ilk dəfə “Kaggle” platforması üzərindən təşkil olunan yarışmaya 185 komanda qatılıb. Yarışmanın baş tutacağı “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. Beş milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edən bu platforma vasitəsilə müxtəlif fəaliyyət sahələrindən irimiqyaslı və böyük təsir dairəsinə malik data əsaslı məsələlər komanda və ya fərdi şəkildə iştirak edən yarışmaçılar tərəfindən həll edilməyə çalışılır. Data yarışmasının 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandaları müəyyən olunaraq mükafatlandırılacaq.

“AIFORDIGIGOV” beynəlxalq konfransının əsas məqsədi rəqəmsal idarəetmədə Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması, təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir.

Konfrans haqqında daha ətraflı məlumatı tədbirin rəsmi interneti səhifəsi https://ai4digigov.com/  -dan əldə etmək mümkündür.

Konfransın texniki tərəfdaşı “Caspian Event Organisers” şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.