ELM VƏ TƏHSİL
Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda müzakirələr aparılır YENİLƏNİB VİDEO
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 13-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük beynəlxalq konfransın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov konfransın mövzusunun aktuallığından danışıb. Qeyd edib ki, rəqəmsal iqtisadiyyat və “Sənaye 4.0” konsepsiyası dünya iqtisadiyyatının gələcək inkişafı, milli iqtisadiyyatların dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafı ilə bağlı ciddi və tamamilə yeni müzakirələri gündəmə gətirib. Rəqəmsal inqilab həyatımızı və yaşadığımız cəmiyyəti görünməmiş dərəcədə yüksək sürətlə və böyük miqyasda transformasiyaya məruz qoyaraq, çox geniş imkanlar yaradır.
Rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı zamanı Davos İqtisadi Forumunun Regional Mərkəzinin Bakıda açılması ilə bağlı əldə olunmuş razılıq Azərbaycanda IV sənaye inqilabına, o cümlədən yüksək texnologiyalara, rəqəmsallaşmaya verilən önəmin bariz nümunəsidir.
Professor Ədalət Muradov bildirib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilən nailiyyətlər və formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq ölkəmizin gələcəkdə də dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti kimi rəqəmsal transformasiyasının müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə təşkil olunub. Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Konfrans çərçivəsində 7 bölmə - “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə müzakirələr aparılacaq.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadiyyatı ölkənin bütün sahələrində inkişafa nail olunmasına təkan verir. Rəqəmsal inqilabın sürətlə inkişaf etməsi rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ciddi addımlar atmağı tələb edir.
Nazir müavini Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb. O, bu istiqamətdə elektron hökumətin yaradıldığını, nazirlik tərəfindən müxtəlif istiqamətlər üzrə 68 xidmətin elektronlaşdırıldığını, ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyasının reallaşdırıldığını bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanda lisenziyalar və icazələr portalı fəaliyyətə başlayıb və bugünədək sözügedən platforma vasitəsilə 1500-dən çox lisenziya verilib. Konfransda aparılan müzakirələr, fikir mübadiləsi rəqəmsal iqtisadiyyat sahəsində mühüm nəticələr ortaya qoyacaq.
Təhsil nazirinin müavini İdris İsayev vurğulayıb ki, iqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması mühüm məsələlərdəndir. Qloballaşma dövründə təhsil sistemlərinin milli iqtisadiyyatların qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilməsi bu əlaqəliliyin aktuallığını daha da artırır. Müasir texnoloji inkişaf fonunda iqtisadi tələblərin formalaşdırdığı yeni çərçivələrin müəyyən olunması günümüzün mühüm reallığını, öyrənmə və öyrətmə prosesinin bu tələblər üzərində qurulması isə təhsil sisteminin bütün pillələri üzrə cavabdehliyin əsasını təşkil edir. Rəqəmsal inqilabın tələblərinə cavab vermək üçün Azərbaycanda təhsil sahəsində mühüm addımlar atılıb. Ölkənin 6 bölgəsində 123 məktəbi əhatə edən rəqəmsal bacarıqlar layihəsi icra olunur. Bu layihəyə 70 mindən çox şagird cəlb olunub. Layihənin məqsədi şagirdlərin rəqəmsal bacarıqlarını üzə çıxarmaqdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən amillərdən söz açıb. Nazir müavini bu istiqamətdə infrastrukturun modernləşdirilməsinin, müasir texnologiyaların tətbiqinin, internet istifadəçilərinin sayının artmasının, elektron ticarətin genişlənməsinin əsas rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycanın 3G şəbəkəsi göstərici üzrə dünyanın orta göstəricisindən öndə olduğunu, hazırda isə 4G şəbəkəsinin genişləndirildiyini deyib. Elmir Vəlizadə 2019-cu ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycanın hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə, dünyanın 141 ölkəsi arasında 43-cü yerdə qərarlaşdığını və bu göstərici üzrə ölkəmizin region dövlətləri arasında 2-ci olduğunu diqqətə çatdırıb.
Konfransın açılış mərasimində plenar məruzələr də dinlənilib. Almaniyanın Köln Universitetinin Media və İdarəetmə Texnologiyaları Departamentinin direktoru, professor Klaudia Lobnecke “Rəqəmsallıq, analitik göstəricilər və süni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər” mövzusunda təqdimatla çıxış edib.
Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplunun təqdimatı isə “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı” mövzusunda olub. Palata sədri Azərbaycanda müəssisə kapitalına investisiya yatırmaq üçün böyük imkanlar olduğunu deyib. O, Estoniya, Ukrayna və Belarus kimi ölkələrdə bu prosesin sürətlə getdiyini və Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşma sürətini nəzərə alaraq, həmin imkanların burada yaradılmasının məqsədəuyğun olduğunu bildirib.
Konfrans işini 4 mövzu üzrə bölmə iclaslarında davam etdirib. İclaslarda dövlət idarəetməsinin rəqəmsal transformasiyası, rəqəmsal əməkdaşlığa regional baxış, maliyyə sektorunun rəqəmsallaşması, sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası, eləcə də rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrində tətbiqinə və bunun təhsildə özünü göstərməsinə dair müzakirələr aparılıb.
Konfrans çərçivəsində Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu ilə UNEC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Qeyd edək ki, beynəlxalq konfransın 2-ci günü konfransın mövzusuna aid alimlərin çıxışları olacaq, müzakirələr aparılacaq.
Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq.
Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA – Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, Türk Dünyası İqtisadçılar Birliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.