ELM VƏ TƏHSİL


Rəqəmsal iqtisadiyyata həsr edilən beynəlxalq konfransın bəyannaməsi qəbul olunub

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans başa çatıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın ikinci günü “Azərbaycanda rəqəmsal iqtisadiyyat, gələcəyə baxış və xarici əməkdaşlıq” mövzusunda təqdimat edilib.

Sonra türkiyəli və estoniyalı alimlərın təqdimatları dinlənilib. Təqdimatlarda rəqəmsal iqtisadiyyatın riskləri və həlli yollarından danışılıb, son trendlər açıqlanıb. Eləcə də Estoniyanın dövlət sektorunda rəqəmsal çevrilmə prosesi barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olub. İlk təqdimatla “AzerTelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxış edib. O, rəhbəri olduğu şirkətin beynəlxalq və regional layihələrindən danışıb.

Daha sonra konfrans iştirakçıları “Sinam” şirkətinin fəaliyyət sahələri barədə məlumat əldə ediblər. Şirkətin prezidenti Elçin Əliyev təqdimatında proqram təminatı və elektron xidmətlər istiqamətində həyata keçirdikləri yenilikləri paylaşıb.

“Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov isə Rəqəmsal transformasiyada insan kapitalının rolundan danışıb. O, rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığı istiqamətində “Azərkosmos”la Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihələrdən də söz açıb.

Bundan başqa, “Rəqəmsal transformasiyada texnoloji”, “Humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” adlı bölmə iclaslarında da konfransın mövzusuna aid alimlərin çıxışları olub, müzakirələr aparılıb.

Plenar məruzələr və bölmə iclaslarından sonra beynəlxalq konfransın yekun tədbiri keçirilib. Burada dünyanın 20-dən çox ölkəsindən elmi və beynəlxalq təşkilatları təmsil edən iştirakçıların adından konfransın Bəyannaməsi qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.