İQTİSADİYYAT
Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı ilə bağlı banklararası İşçi Qrup yaradılıb
Bakı, 5 noyabr, AZƏRTAC
"2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" ilə əlaqədar məsələlərin müzakirəsi üçün 7 bankın iştirakı ilə İşçi Qrup yaradılıb.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildiriblər ki, qurumun Rəyasət Heyətinin geniş iclasında əsas müzakirə mövzuları "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" ilə əlaqədar məsələlərin, həmçinin bu il sayca üçüncüsü baş tutacaq "Beynəlxalq Bankçılıq Forumu"nun, eləcə də ABA tərəfindən illik əsasda keçirilən "Bankçılıq Mükafatları 2018" tədbirinin müzakirəsi və digər cari məsələlər olub.
İclasda "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" ilə əlaqədar məsələlərin müzakirəsi üçün 7 bankın iştirakı ilə İşçi Qrup yaradılıb. İşçi Qrupa "Kapital Bank" ASC, "Rabitəbank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Unibank" KB ASC, "Bank Respublika" ASC, "Yapı Kredi Bank" QSC və "Paşa Bank" ASC daxildir.
Rəyasət Heyətinin iclası zamanı noyabrın 15-16-da keçiriləcək III Beynəlxalq Bankçılıq Forumunun təşkilati məsələləri də müzakirə edilib. Qeyd edək ki, builki forumda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.
İclasda, eyni zamanda, ABA tərəfindən illik əsasda keçirilən "Bankçılıq Mükafatları 2018" tədbiri ilə əlaqədar məsələlər müzakirə olunub. Bu il tədbirin "Korporativ sosial məsuliyyət", "Ən fəal maliyyə savadlılığı dəstəkçisi", "Ən fəal təhsil dəstəkçisi", "Nağdsız ödənişlərin ən fəal təşviqçisi", "Ən fəal ekspert qrupu", "Bank-maliyyə sektoruna aid araşdırma və məqalələrlə fərqlənən bank nümayəndəsi" nominasiyaları üzrə keçirilməsi qərara alınıb.
İclasda digər cari məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.