ELM VƏ TƏHSİL


Rəqəmsal öyrənmə və qiymətləndirmə resurslarının hazırlanması istiqamətində təlimlər yekunlaşıb

Bakı, 7 dekabr, AZƏRTAC

“Gələcək üçün peşə təhsili” layihəsi çərçivəsində “MOODLE” təhsil platformasından istifadə edilərək rəqəmsal öyrənmə və qiymətləndirmə resurslarının hazırlanması istiqamətində təlimlər yekunlaşıb. Kursun məqsədi peşə təhsilində rəqəmsallaşmanın tətbiqinə dəstək vermək və bu sahədə yeni resursların yaradılmasına töhfə vermək olub.

AZƏRTAC xəbər verir ki, təlimin yekunlarına həsr olunan onlayn tədbirdə bununla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, təlim kursunda Bakı, Gəncə, Şəki, Cəlilabad, Lənkəran, İsmayıllı, Mingəçevir və Qəbələdə yerləşən 12 peşə məktəbindən seçilmiş aparıcı mütəxəssislər iştirak ediblər. Kurs müddətində iştirakçılar innovativ tədris strategiyaları, metodları və təlim bacarıqlarının təşkili, eləcə də seçilmiş peşə və mövzuya uyğun rəqəmsal dərs planı və qiymətləndirmə planının qurulması mövzuları üzrə bilik və bacarıqlarını artırıblar. Təlim sahə üzrə mütəxəssis Mariya Toro-Trokonis tərəfindən keçirilib.

Tədbirdə çıxış edənlər təlimlə bağlı təəssüratlarını bölüşüblər, təkliflərini səsləndiriblər. Təkliflər ətrafında müzakirələr aparılıb.

Proqramın sonunda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar verilib.

Təlim proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə məktəblərinin müasirləşdirilməsinə yardım etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.