İQTİSADİYYAT
“Rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda konfrans keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda konfrans keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları, müxtəlif biznes sahələrindən 150-dən çox təmsilçi və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova və Rəqəmsal Texnologiya və İnnovasiyalar Komitəsinin sədri Kamilə Şahbazova konfransın məqsədi və islahatların ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıblar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov ölkədə müvafiq sahədə aparılan islahatlar barədə ətraflı məlumat verib, dövlət və biznes arasında daha sıx dialoq yaradılmasının, islahatların bütün mərhələlərində biznesin dövlətin yanında olmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, aparılan rəqəmsal keçid islahatları Azərbaycan dövlətinin daim diqqətində olan mövzulardandır.
Konfransın “Rəqəmsal transformasiya” mövzusuna həsr olunan panel müzakirəsi zamanı “AmCham”ın Direktorlar Şurasının üzvü Rüfət Hacıəlibəyov, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyəti sədrinin müavini Mehman Abbas, SINAM şirkətinin prezidenti Elçin Əliyev çıxış edərək inkişafın əsas istiqamətləri, effektivliyinin artırılması, palatanın gözləntiləri və yeniliklər barədə təkliflərini səsləndiriblər.
“İnnovasiya və startaplar” və “Fintex”ə həsr olunmuş panellərdə çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Konfrans aktiv sual-cavab sessiyası ilə başa çatıb. Sessiya zamanı bir sıra əhəmiyyətli məsələlər barədə müzakirələr aparılıb.