ELM VƏ TƏHSİL
Rəqəmsal transformasiyalarla bağlı problemlərə dair tədqiqatlar aparılması nəzərdə tutulur
Bakı, 7 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi-katib Nərmin Adıgözəlova bu il üzrə fəaliyyət planlarının strukturunun təkmilləşdirilməsi haqqında çıxış edib. O, cari ildə institutda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətləri üzrə problemləri əhatə edən tədqiqatlar aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Məsələyə dair çıxış edən akademik R.Əliquliyev fəaliyyət planlarının günün tələblərinə uyğun qurulmasının vacibliyindən danışıb. Akademik bildirib ki, institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, mövcud resurslardan səmərəli istifadə olunması, yeni elmi problemlərin və onlara adekvat insan resurslarının cəlb olunması, əldə olunan mühüm elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında nəşri hər bir əməkdaşın qarşısında duran əsas məsələlərdəndir.
Sonra “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev mərkəzin yenidən qurulması barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müvafiq istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edən B.Nəbiyev “AzScienceNet” və data mərkəzlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini söyləyib. Həmçinin Avropa standartlarına cavab verən, geniş imkanlara malik olan “AzScienceNet”in informasiya təhlükəsizlik sistemlərinin fəaliyyətinin təmin olunması ilə bağlı görülmüş işlərdən danışıb.
İnstitutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov yeni elan edilmiş beynəlxalq qrant layihələri haqqında məlumat verib. O, institutun alim və mütəxəssislərinin digər Avropa İttifaqı ölkələrinin tədqiqatçıları ilə birgə müvafiq istiqamətlər üzrə beynəlxalq qrant layihələrində iştirak etməsi üçün geniş imkanların yaradıldığını bildirib. İnstitutda aparılan tədqiqatların böyük bir qisminin rəqabətqabiliyyətliliyi ilə seçildiyini qeyd edərək əməkdaşları, xüsusilə gənc tədqiqatçıları təqdim olunan imkanlardan yararlanmağa, xarici ölkələrdə elan olunan qrant layihələrində fəal iştiraka çağırıb.
Elmi şuranın iclasında, institutun nəzdində Dissertasiya Şurasının yaradılması, elmmetrik göstəricilər və bir sıra digər mühüm məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.