REGİONLAR
Rəqs kollektivləri “Kəpəz açıq kuboku” uğrunda müsabiqədə iştirak edəcəklər
Gəncə, 28 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə yanvarın 28-də keçiriləcək müsabiqədə rəqs kollektivləri “Kəpəz açıq kuboku” uğrunda yarışa qoşulacaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında keçiriləcək müsabiqədə bütün rəqs kollektivləri fərqli rəqs növləri üzrə çıxış edəcəklər.
Ayrı-ayrı yaş kateqoriyalarında olan iştirakçılar çerlidinq, hip-hop, brek dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, müəllif rəqsi və sair nominasiyalarda mübarizə aparacaqlar.
Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsilə müəyyən etməkdir.
Həmçinin müsabiqənin digər mühüm vəzifələrindən biri də rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir.
“Biz məmnunuq ki, ildən-ilə bizim fəaliyyətimiz daha da artır. Hər yeni ildə bizə Bakıdan və regionlardan daha çox kollektivlər qoşulurlar. Bu, bizi sevindirir”,– deyə Əziz Əzizov qeyd edib.