ELM VƏ TƏHSİL
Rəqs müəllimliyi ixtisasına qəbul üçün nə qədər bal tələb olunur

Bakı, 6 iyun, AZƏRTAC
Rəqs müəllimliyi ixtisasına qəbul olmaq istəyən abituriyentlərin birinci mərhələ üzrə topladıqları ümumi bal 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olmalıdır. Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 6 və ya daha yüksək bal (10 ballıq şkala üzrə) “məqbul” qiymət hesab edilir. “Məqbul” qiymət alan abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək hüququ qazanırlar.
Xatirladaq ki, tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanı 2 mərhələ üzrə keçirilir. Birinci mərhələdə abituriyentlər ümumi qaydada qəbul (cari ilin məzunları – buraxılış) imtahanında iştirak edirlər. Bu imtahanda topladıqları ümumi balı 40 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər qeydiyyatdan keçərək ikinci mərhələdə qabiliyyət imtahanı verməlidirlər.