REGİONLAR
Rəşad İbrahimov: Yaxşı qulluq olunarsa, hər hektar fındıq bağından 4-4,5 ton qərzəkli məhsul götürmək mümkündür VİDEO
Zaqatala Dayaq Məntəqəsinin təcrübə sahəsində 100-dən çox fındıq sortu yetişdirilir
Zaqatala, 4 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Azərbaycanda fındıq istehsalının böyük hissəsi Zaqatala və ətraf rayonların payına düşür. Fındıq istehsalı bölgənin kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.
AZƏRTAC xəbər verir ki, fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Statistik rəqəmlərə görə, 2016-cı ildə rayonda 8 min 910 ton, ötən il isə 13 min 422 ton fındıq istehsal olunub. Cari ildə fındıq istehsalının 15 min tona çatacağı gözlənilir. 2016-cı ildə Zaqatalanın emal müəssisələri tərəfindən 90 milyon, 2017-ci ildə isə 124,4 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, son üç ildə rayonda fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 18 min 503 hektara çatdırılıb.
Rayonda fındıqçılığın inkişaf etdirilməsində, yeni salınacaq fındıq bağlarının yüksək məhsuldar əkin materialı – pöhrə və tinglərlə təmin edilməsində Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsi də yaxından iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri qurumun gördüyü işlərlə yaxından tanış olmaq məqsədilə məntəqənin “Pərzivan” ərazisindəki fındıq bağına və tinglik sahəsinə baş çəkib.
Dayaq məntəqəsinin direktoru Rəşad İbrahimov bildirib ki, Şəki-Zaqatala bölgəsində bağçılığın digər sahələri ilə yanaşı, qərzəkli meyvə bitkilərinin, o cümlədən fındıq, qoz və şabalıdın becərilməsinə xüsusi diqqət göstərilir. Bölgədə qərzəkli meyvə bitkilərinin yetişdirilməsi üçün olduqca əlverişli torpaq-iqlim şəraiti var. Meşələrdə təbii halda bitən qoz, şabalıd, fındıq ağacları buna əyani sübutdur.
Məntəqə ilə tanışlıq zamanı məlum oldu ki, təcrübə sahəsində qərzəkli meyvə bitkiləri üzərində elmi-tədqiqat işləri əsasən, seleksiya və sortöyrənmə istiqamətində aparılır. Tədqiqatın məqsədi qərzəkli meyvə bitkilərinin tez məhsula düşən, nazik qabıqlı, yüksək yağlılığa və ləpə çıxımına malik məhsuldar, bazar tələblərinə cavab verən, ekoloji sağlam, xarici mühit amillərinin təsirinə dözümlü, kompleks davamlı yeni sortlarını yaratmaq, həmçinin mövcud sortların ən perspektivlilərini müəyyənləşdirərək, təsərrüfatlara tövsiyə etməkdir. Hazırda Dayaq Məntəqəsində fındıq bitkisinin 100-dən çox sortu yetişdirilir. Onların içərisində “Ata-baba” sortu öz məhsuldarlığı ilə seçilir.
Rəşad İbrahimov bildirib ki, Dayaq Məntəqəsinin 63 hektara yaxın ərazisinin 17,8 hektarı məhsuldar fındıq bağlarıdır. Cari mövsümdə bağlardan 27 tona yaxın qərzəkli fındıq məhsulu əldə olunub. Ümumiyyətlə, yaxşı qulluq olunarsa, hər hektar fındıq bağından 4-4,5 ton qərzəkli məhsul götürmək mümkündür. Ötən il ərazidə 4 hektar sahədə müxtəlif əkin sxemləri ilə yeni fındıq bağı salınıb. Ərazidə, həmçinin 1,5 hektar sahədə tinglik yaradılıb. Sahəyə 10 min ədəd fındıq, 5 min ədəd qoz tingi əkilib və yaxşı bitiş alınıb. Oktyabrın sonunda dayaq məntəqəsinin ərazisində daha 3 hektar sahədə yeni fındıq bağı salınacaq. Ərazi şumlanıb və ting əkini üçün hazır vəziyyətə gətirilib. Eyni zamanda, hazırda Dayaq Məntəqəsinin ərazisində ABŞ və İran İslam Respublikasından introduksiya olunmuş müxtəlif fındıq sortları da yetişdirilir.