CƏMİYYƏT
Rəşad Mahmudov: Azərbaycan pandemiya ilə mübarizədə də ümumbəşəri dəyərlərə sadiq olduğunu bütün dünyaya nümayiş etdirir
Bakı, 1 iyun, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin istər daxili, istərsə də xarici siyasəti dünyanın nüfuzlu ölkələrinin, aparıcı beynəlxalq təşkilatların rəhbərləri tərəfindən daim yüksək dəyərləndirilir. Dövlətimizin başçısının beynəlxalq aləmdə səmərəli fəaliyyətinə verilən yüksək qiymət, habelə respublikamızın beynəlxalq əməkdaşlıqda tutduğu fəal mövqe, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi hər zaman xüsusi vurğulanır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr olunan 74-cü sessiyasında ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun dəvəti əsasında sessiyanın bağlanış mərasimində Prezident İlham Əliyevin videoformatda çıxışının təqdim edilməsi də bu fikrin bariz ifadəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.
Deputatın sözlərinə görə, uzun müddətdir dünyanı cənginə alan bu dəhşətli virusla qarşılaşan ilk vaxtlardan etibarən Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Respublikamız ÜST-nin pandemiyaya qarşı qlobal mübarizədə fəaliyyətini, eyni zamanda, bu qurumun qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini yüksək səviyyədə dəstəkləməklə yanaşı, adıçəkilən təşkilatla səmərəli əməkdaşlıq edib. Məhz bunun nəticəsidir ki, ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.
Tibb elmləri doktoru deyib: “Dövlətimizin sözügedən dəhşətli bəla ilə beynəlxalq səviyyədə apardığı mübarizədən söz düşmüşkən, bəzi faktları diqqətə çatdırmaq istərdim. Belə ki, Azərbaycanın təşəbbüsü ilə hələ ötən ilin aprelində Türk Şurasının Zirvə toplantısı, mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və dekabrında isə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Respublikamız öz beynəlxalq məsuliyyətinə sadiq olaraq ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev beynəlxalq səviyyələrdə keçirilən tədbirlərdəki çıxışlarında da bütün dünyanı narahat edən peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması vəziyyətinə də toxunmaqla bu dəhşətli bəla ilə dünya ölkələrinin birgə mübarizəsinin zəruriliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bu məsələnin nə qədər mühüm əhəmiyyət daşıdığını çıxışlarında dəfələrlə vurğulayıb, eyni zamanda, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər, həmçinin ədalətsiz paylanılmasının ciddi narahatlıq doğurduğunu xatırladaraq, bir sıra dövlətlərin ehtiyacdan dəfələrlə çox peyvənd tədarük etdiyini, nəticədə peyvənd qıtlığı ilə üzləşildiyini bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan peyvəndlərin paylanılmasında ədalətliliyi dəstəkləyərək, BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Həmin qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.
“Azərbaycan həm də COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub”, deyən Rəşad Mahmudov bildirib ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus dövlətimizin başçısına bu fəaliyyətinə görə təşəkkürünü bildirib. Baş direktor, eyni zamanda, Azərbaycan Prezidentinin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlayıb və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün ÜST tərəfindən daha çox işlərin görülməli olması ilə bağlı fikrini dəstəkləyib.
“Ötən il fevral ayından başlayaraq ölkəmizdə COVID–19-un törətdiyi fəsadların qarşısını almaq üçün çevik tədbirlərin reallaşdırılmasına başlanılıb. Prezident İlham Əliyevin tapşırığı əsasında əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması, iqtisadi fəallığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla bərabər, ÜST-nin COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları, həmçinin 5 milyon ABŞ dolları Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayrılıb. Eyni zamanda, 30-dan çox ölkəyə humanitar yardım göstərilib”, - deyə deputat fikirlərini yekunlaşdırıb.