CƏMİYYƏT


Rəşad Mahmudov: COVID-19 pandemiyası ilə mübarizədə qalib gəlmək üçün “buster” doza ilə peyvəndlənmə ciddi şəkildə tövsiyə olunur

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə qənaətbəxşdir. Hökumətin pandemiya ilə mübarizədə ortaya qoyduğu əzm, həmçinin son bir il ərzində dəfələrlə artırılan resurslar – həm xəstəxanaların maddi-texniki bazası, həm də istifadə olunan insan resurslarının professionallığının təkmilləşdirilməsi kimi amillər vəziyyəti stabil saxlamaq üçün vacibdir. İstənilən halda, bütün bunlar bizi arxayınlaşdırmamalıdır, çünki hazırkı yoluxma dinamikası bir az təhlükəlidir. Nəzərə almaq lazımdır ki, hazırkı vəziyyət COVID-19-un dalğalarından biri kimi qiymətləndirilmir. Buna baxmayaraq, sutka ərzində qeydə alınan 1500-2000 yoluxma sayı ehtimal olunan koronavirus dalğası nəticəsində 10 dəfə arta bilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-kardioloq Rəşad Mahmudov deyib.

Parlament üzvü bildirib ki, koronavirusa yoluxma dinamikası təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünya ölkələrində təhlükəli hal alıb: “Daha təhlükəli vəziyyətlə üz-üzə qalmamaq üçün peyvəndləmədə aktiv iştirak etmək lazımdır. Ümumiyyətlə peyvənd vurdurmayanların təcili olaraq prosesə qoşulması, vaksinasiyasından 6 ay keçmiş vətəndaşların isə “buster” doza ilə peyvəndlənməsi vacibdir. Bu, müzakirəsiz olaraq qəbul edilməlidir. “Buster” doza ilə peyvəndlənmə ciddi şəkildə tövsiyə olunur. Eyni zamanda, COVID-19-un müalicəsində heç bir fayda verməyən dərman preparatlarından istifadə də təhlükəlidir. Yəni, xəstəxanaya yalnız oksigen saturasiyası aşağı düşən, vəziyyəti ağırlaşan xəstələrin gəlməsi, habelə koronavirusun müalicəsinin həkim-mütəxəssislər tərəfindən təyin edilməsi vacib şərtlərdir. Bütün şərtlərə əməl olunduğu halda, isə COVID-19-la mübarizədə daha uğurlu nəticə əldə edə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.