SİYASƏT


Rəşad Mahmudov: Prezident hər zaman vətəndaşının yanında olduğunu sübut edib

Bakı, 8 aprel, Səadət Hakıyeva, AZƏRTAC

Koronavirusun (COVID-19) inkubasiya dövrünün 28 günədək uzanması vəziyyəti daha çətinləşdirir. Bu da dünya səhiyyəsini daha da ehtiyatlı olmağa çağırır. Avropa ölkələrində, ABŞ-da koronavirusadan həyatını itirənlərin sayı gündən-günə artır. Bu təhlükə bizi xəstəliyə daha ciddi yanaşmağa sövq edir.

Azərbaycan dövləti epidemiyanın qarşısının alınması, vətəndaşlarının sağlamlığının qeydinə qalma məsələsində bütün mümkün vasitələrdən və imkanlardan istifadə edir. Bütün qüvvələr səfərbər edilir, sərt qaydalar tətbiq olunur. Prezident İlham Əliyev bu günlərdə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışını etdi. Dünən yaşı 65-dən yuxarı olan 176 məhkumun azad olunması ilə bağlı əfv Sərəncamı imzaladı. Bu da bir daha onu göstərir ki, dövlət hər zaman vətəndaşının yanındadır və onun qayğısını çəkir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını bildirən tibb elmləri doktoru qısa müddət ərzində ölkəmizdə tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlamasını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhbusun koronavirusla əlaqədar əfv edilməsi təkcə humanizm deyil, həmçinin yaşlılara hörmət və diqqətin parlaq nümunəsi, hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür.

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın təcrübəsindən danışan Səhiyyə komitəsi sədrinin müavini deyib: “Ölkəmiz virusla mübarizəyə fəal başladı. Dünya və regional hadisələrlə müqayisədə bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. Xəstəliyin ilk günlərində günlük test sayı 200-300 olduğu halda, qısa müddətdə bunların sayı artdı. Başda Heydər Əliyev Fondu olmaqla aidiyyəti qurumların çevik addımları nəticəsində artıq hazırda gündə dörd mindən artıq test aparılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradıb. Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verilib və orada koronavirus xəstələri müalicə alırlar”.

Həkim diqqətə çatdırıb ki, qonşu ölkələrlə müqayisə etsək görərik ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə gündə 24 min test aparılırsa, Azərbaycanda bu rəqəm 4 mindən artıq təşkil edir. Bu, çox böyük göstəricidir. Ölkəmizdə vəziyyət nəzarət altındadır. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında xalqa müraciətində görülən işlərdə əsas məqsədin insanların sağlamlığının təmin edilməsi olduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Bu həqiqətən belədir. Çünki dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir.

“Xəstəliyə yoluxanların sayına nəzər yetirsək, Azərbaycanda hər 100 testə 2 nəfər düşür. Bu da Azərbaycanda koronavirusla mübarizədə görülən işlərin faydalılıq əmsalının yüksək olduğunu göstərir. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. ABŞ-da aparılan testlərin 20 faizi müsbət cavab verir. Bu, çox qorxunc rəqəmdir. Azərbaycanda isə vəziyyət stabildir və nəzarət altındadır. Heç bir ölkə vəziyyətin nəzarətdən çıxmasında sığortalanmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var”,-deyə Milli Məclisinin deputatı vurğulayıb.

Rəşad Mahmudov birliyimiz və həmrəyliyimiz sayəsində bu bəladan da xilas olacağımıza inamını ifadə edərək vətəndaşları vəziyyətə ciddi yanaşmağa, qayda və tələblərə əməl etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.