CƏMİYYƏT


Rəşad Mehdiyev: Məhərrəm və Sirac əbədiyyətə doğma Qarabağ torpağında qovuşdular... VİDEO

Bakı, 9 iyun, Leyla Qurbanova, AZƏRTAC

Vətən müharibəsi başa çatdıqdan sonra AZƏRTAC-ın və Azərbaycan Televiziyasının jurnalistlərindən ibarət qrup azad edilmiş ərazilərə çəkiliş aparmağa yollandılar.

Onlar otuz illik işğal dövründə erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizi gəzir, yerlə-yeksan edilmiş evləri, sosial-infrastruktur obyektlərini, tarixi-mədəni abidələrimizi lentə alır, erməni vəhşiliyinin izlərini sənədləşdirirdilər.

Çəkiliş qrupunun tərkibində AZƏRTAC-ın fotomüxbiri Rəşad Mehdiyev də olub. İyunun 4-də baş verən faciə barədə mətbuatda və sosial şəbəkələrdə yayılan fotolar da məhz Rəşad tərəfindən çəkilib.

İşğaldan azad olunan ərazilərimizdə bu müddətdə gördükləri iş və bu dəhşətli hadisə barədə danışan əməkdaşımız deyir: “Erməni işğalçıları tərəfindən Qarabağda viran edilmiş şəhər, kənd və qəsəbələr, susuz qalmış bulaqlar, səhralığa çevrilmiş çöllər foto və videonun yaddaşına köçürülüb. Bu, təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də gərəkli olan dəlil-sübutlardır. Qəhrəman jurnalistlərimiz bu gün aramızda olmasalar da, onların fədakar fəaliyyətinin nəticəsi gələcək nəsillər üçün heç vaxt unudulmayacaq qan yaddaşıdır.

Suyu qurumuş bulaqlar, şəhidlərin tablosu qarşısına qoyulan 10 qızılgül…

“Bizim qrup dağıdılmış şəhərləri, kəndləri, yurd yerlərini çəkirdi. Qarış-qarış gəzərək ürəkağrıdan mənzərələri - suyu qurumuş bulaqları, dağıdılmış evləri, yolları, məzarlıqları fotokameranın yaddaşına köçürür, videoçəkilişlər aparırdıq. Gördüklərimiz bizi dəhşətə gətirirdi. Bunu ancaq viranə qalmış doğma evini və yurdunu gözü ilə görənlər başa düşər. Həm Məhərrəmin, həm də Siracın ailəsi erməni zülmü nəticəsində doğma torpaqlarından didərgin düşmüşdülər. Onların gözlərində torpaq nisgili həmişə sezilirdi. Biz ilk dəfə Qubadlı rayonuna ayaq basanda Siracın necə həyəcanlandığının şahidi oldum. Eyni hissləri Məhərrəmdə Ermənistan ilə dövlət sərhədində dayanıb Gorus şəhərinə baxarkən gördüm. O, Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş dostlarına zəng edir, gördükləri barədə həyəcan qarışıq sevinclə danışırdı...

Azad edilmiş torpaqlarda olmaq onlarda nə qədər sevinc və qürur hissi yaradırdısa, şəhər və kəndlərimizin xarabalığa çevrildiyini görmək, xüsusən də bu barədə görüntüləri lentə almaq, qeydiyyat aparmaq çox ağrılı hiss idi”.

Çalışırdıq ki, heç nəyi gözdən qaçırmayaq. Yorulub əldən düşsək də dayanmırdıq. Qarabağın qucağında olmağımız bizə yorğunluğumuzu unutdururdu”, - deyən R.Mehdiyev keçirdiyi hisslərdən danışır. Deyir ki, Qubadlının kəndlərindən birində 10 növ qızılgülün şəklini çəkib: “Həmin qızılgüllərdən dəstə bağlayıb kənddə şəhidlərin tablosunun qarşısına qoydum”.

Çəkiliş qrupunun üzvləri bütün təhlükələri göz önünə almışdılar. Yəni, vəhşi heyvanların hücumlarına məruz qala bilərdilər. Yaxud tez-tez zəhərli ilanlara rast gəlirdilər. Digər tərəfdən, mənfur düşmənin basdırdığı mina təhlükəsi var idi. Bütün bunlara baxmayaraq, fəaliyyətlərini cəsarət və əzmlə davam etdirirdilər.

“Zəngilanda bulaqlar çoxdur. Kəlbəcərin saf sulu çayları var. Murov dağının Ömər aşırımını qalxdıqca sanki buludların arasından keçirdik. Xocavənd, Zəngilan və Qubadlıda çəkilişlər apardıq. Ezamiyyətimizin son ünvanı Kəlbəcər idi. Çalışırdıq ki, bizə verilən tapşırıqları layiqincə yerinə yetirək. Bəzən Cəbrayıl, Füzuli rayonlarının ərazisindən keçirdik. Çox istəyirdik ki, Şuşada da çəkilişlər aparaq”, - deyə Rəşad söhbətinə davam edir. - Heç birimizin ürəyində qorxu hissi yox idi, həyəcan və narahatlığın yerini Ana Vətənə böyük sevgi tuturdu. Hər dəqiqəmizin qiymətli olduğunu bildiyimiz üçün adətən gərgin işdən sonra özümüzü qarşıdakı çəkilişlərə hazırlayırdıq”.

Bir saat əvvəl gülə-gülə çıxdığımız
yoldan geriyə ağlaya-ağlaya qayıtdıq

İyunun 4-də həmkarlarının şəhid olması ilə nəticələnən qanlı hadisədən danışmaq Rəşad üçün çox ağır olsa da, özünü çətinliklə ələ alaraq söhbətinə davam edir: “Həmin gün üçün müəyyən planlarımız var idi… Kəlbəcərdə İstisu bulağında olmuşduq, maraqlı çəkilişlər və qeydlər aparmışdıq. Həmin gün İstisuya getmək barədə qərarlaşdıq. Həmin qəsəbə haqqında çox eşitmişdik və onu görməyi arzulayırdıq.

Dəhşətli hadisənin baş verdiyi gün – iyunun 4-də çəkiliş üçün iki maşınla Kəlbəcər rayonunun Susuzluq kəndinə yollandıq. Maşınlarımız bir-birindən aralı hərəkət edirdi. Çünki çətin dağlıq ərazidə yollar dar, enişli-yoxuşlu olduğu üçün qəzaların başvermə ehtimalı ilə əlaqədar adətən avtomobillər arasında müəyyən məsafə saxlanılır. Mənim olduğum “Niva” avtomobili yuxarı qalxmaqda bir qədər çətinlik çəkirdi. Hətta avtomobildən düşüb müəyyən məsafəni piyada getməli olduq. Buna görə də “KamAZ” avtomobili bizdən təxminən 2-3 kilometr uzaqlaşdı. Qəflətən güclü partlayış səsi eşidildi və uzaqdan tüstü qalxdığını gördük. Dərhal həmin əraziyə tərəf hərəkət etdik. Partlayış baş verən əraziyə çatanda dəhşətli mənzərə ilə qarşılaşdıq... Bir saat əvvəl deyib-güldüyümüz insanların cansız bədənlərini görəndə keçirdiyim hissləri heç cür ifadə edə bilmirəm... Bir saat əvvəl gülə-gülə çıxdığımız yoldan ağlaya-ağlaya qayıtdıq.

Son fotolarını onlardan xəbərsiz çəkmişdim

Rəşad həmkarları Məhərrəmin və Siracın son fotosunu necə çəkdiyi barədə danışarkən deyir: “İşğaldan azad edilmiş şəhər və kəndlərimizdə olarkən xatirə üçün fotolar çəkirdim. Onlar özləri də tez-tez mənə və digər fotomüxbirimiz Roman İsmayılova “şəklimizi çəkin, xatirə qalsın” deyirdilər. Mən çəkiliş qrupu üzvlərinin xəbəri olmadan da onları çəkirdim. Çünki adətən təsadüfən çəkilən fotolar daha təbii olur. Onların sosial şəbəkələrdə yayılan və həmin “KamAZ” markalı avtomobilin də olduğu fotonu hadisədən bir gün əvvəl özlərindən xəbərsiz çəkmişdim. Avtomobildən düşüb çəkiliş aparmağa gedərkən arxaya döndüm və onların gülümsəyərək söhbət etdiklərini gördüm. O xoş anı əbədiləşdirmək istədim və fotoaparatımı işə saldım. Şəkil çəkdiyimi görüb mənə tərəf dönüb gülümsədilər. Bunun onların son fotosu olacağı kimin ağlına gələrdi ki...”

İstisu bulağından götürdüyümüz suyu onların
məzarlarının üzərinə səpdik

Məhərrəmə və Siraca İstisuyu görmək qismət olmadı. Biz İstisu qəsəbəsinə getdik və oradakı bulaqdan su götürdük. Həmin suyu hər iki həmkarımızın məzarları üzərinə səpdik.

Rəşad həmkarlarının Qarabağda missiyalarını başa çatdırmamış geri dönmək istəmədiklərini də xüsusi vurğulayır: “Məhərrəmlə Sirac hər yeni kəndə çatanda uşaq kimi sevinir, orada işlərini başa çatdırdıqda məmnun olduqları simalarından aydın görünürdü. Onlar söhbət əsnasında Qarabağda belə bir mühüm missiyada xidmət etməkdən şərəf duyduqlarını deyirdilər. Ailələri, övladları üçün çox darıxsalar da, işi başa çatdırmamış qayıtmaq istəmirdilər. Bəlkə də ən böyük təsəlli odur ki, onlar əbədiyyətə doğma Qarabağ torpağında qovuşdular, şəhidlik zirvəsinə ucaldılar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.