İQTİSADİYYAT


Rəşad Nəbiyev: Radiotezliklərin məhdud olması şəffaf istifadəni zəruri edir

Bakı, 18 yanvar, AZƏRTAC

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunan toplantıda radiotezliklər spektrinin idarə edilməsi ilə bağlı hazırkı vəziyyət, mövcud problemlər və həlli vacib məsələlər müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri, Dövlət Komissiyasının sədri Rəşad Nəbiyev komissiyanın yeni format və tərkibdə yaradılmasının bu sahədə olan boşluqların aradan qaldırılmasına və radiotezlik idarəçiliyi sahəsində işlərin effektiv qurulmasına təkan verəcəyinə əminliyini ifadə edib.

“Radiotezliklərin məhdud olması və ölkəmizdə texnoloji inkişaf fonunda tələbatın günbəgün artması radiotezlik spektrindən şəffaf, rasional, ədalətli və səmərəli istifadəni zəruri edir”, - deyə nazir vurğulayıb.

İclasın gündəliyinə daxil olan məsələlərə dair təqdimat dinlənilib, müzakirələr nəticəsində bir sıra vacib qərarlar qəbul olunub.

Dövlət Komissiyasının yeni tərkibi, “Azərbaycan Respublikasının radio xidmətləri arasında tezlik zolaqlarının ayrılması Cədvəli” və “Azərbaycan Respublikasının radiotezliklər spektrinin perspektiv istifadə planı” təsdiq edilib. Həmçinin daxil olmuş müraciətlərin bir qısminə baxılaraq müvafiq qərarlar verilib.

Xatırladaq ki, Radiotezliklər üzrə Dövlət Komissiyası Prezident İlham Əliyevin 2021-ci il 4 may tarixli Sərəncamı ilə yaradılıb. Dövlətimizin başçısının 2021-ci il 18 dekabr tarixli Fərmanı ilə Dövlət Komissiyasının Əsasnaməsi təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.