İDMAN


Rəşad Rəsullu: Bakı birinciliyində cüdoçuların öz potensiallarını üzə çıxarmaları üçün hər cür şərait yaradılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Bu gün 21 yaşadək gənclər arasında Bakı birinciliyinə start verilib. Turnir Azərbaycan Cüdo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir. Yarış eyni yaş kateqoriyası üzrə Azərbaycan birinciliyinə seçmə xarakteri daşıyır, həmçinin yekun nəticəyə əsasən, gənclərdən ibarət milli komandanın potensial heyəti müəyyən olunacaq. Azərbaycan birinciliyinin fevralın 26-28-də keçirilməsi planlaşdırılır. Yarış koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi qaydalarına uyğun təşkil edilib. Turnirə yalnız vaksin pasportu olan idmançılar buraxılıblar. Texniki və təşkilati heyətdəki insanların da hər birinin vaksin pasportu var. Yəni, yarış karantin rejiminin qaydalarına tam əməl olunmaqla keçirilir. Turnirdə idmançıların potensiallarını üzə çıxarmaları üçün hər cür şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu yanvarın 28-də 21 yaşadək gənclər arasında start götürən Bakı birinciliyində jurnalistlərə müsahibəsində deyim.

R.Rəsullu Portuqaliyanın Almada şəhərində start götürən Qran-Pridən əvvəl COVID-19 testinin müsbət nəticə vermiş nümayəndə heyəti üzvlərinin sağlamlıqları ilə bağlı da məlumat verib. Qeyd edib ki, komanda üzvlərindən dördü yarışa gedə bilməyib. Onların birinin COVID-19 testi pozitiv çıxdığından, digər üçü isə texniki səbəbdən, daha doğrusu, İstanbuldakı əlverişsiz hava şəraitinə görə yarışlara qatıla bilməyib. İstanbuldakı aeroport əlverişsiz hava şəraiti ilə əlaqədar bağlı olduğundan biz başqa marşrut tapmaq məcburiyyətində qaldıq. Məhz bununla əlaqədar Türkiyə yığması yarışa ümumiyyətlə qatıla bilmədi.

Federasiya rəsmisi bildirib ki, yarış məkanına çatdıqdan sonra bütün ölkələrin nümayəndələrindən PCR testi götürülüb. Üç qadın cüdoçunun, eləcə də baş məşqçinin və köməkçi-məşqçinin də testlərinin nəticəsi müsbət olub. Bununla əlaqədar komandanın bütün üzvlərindən yenidən test götürülüb. Bu dəfə isə Zelim Tçkayevin (81 kq) testinin nəticəsi pozitiv olub: Beləliklə, yığmamızın 6 üzvü hazırda təcrid olunub. Portuqaliya hökumətinin tətbiq etdiyi qaydalara əsasən, yanvarın 26-dan başlayaraq onlar bir həftə karantində qalacaqlar və yarışlara buraxılmayacaqlar. Təcrid olunan altı cüdoçunun müalicəsi üçün lazımi tədbirlər görülüb, onlar dərman preparatları ilə təmin olunublar. Belə ki, qadın millisinin baş məşqçisi Rəşad Məmmədov, kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadın cüdoçular Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq), həmçinin kişi cüdoçu Zelim Tskayev (81 kq) hazırda özlərini çox yaxşı hiss edirlər. Onlar testləri pozitiv çıxdığına görə yarışa buraxılmayıblar. Hazırda cüdoçularımız Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Uşangi Kokauri (+100 kq) mübarizə aparırlar.

R.Rəsullu Portuqaliya mətbuatında Azərbaycan nümayəndə heyətinin doqquz üzvünün vaksin sertifikatının olmamasına dair yayılan xəbərin əsassız olması ilə bağlı da məlumat verib. Bildirib ki, əslində komanda üzvlərinin üçündə vaksin sertifikatı yoxdur. Onların ikisinin 18 yaşı yeni tamam olduğu üçün bir doza vaksin vurulub. Yəni, həmin gənc idmançılarımız qayıdıb gəldikdən sonra ikinci dəfə peyvənd ediləcəklər. Bir idmançı isə yaşı 18-dən aşağı olduğu üçün peyvənd olunmayıb. Belə ki, ölkəmizdə karantin qaydalarına əsasən, onun vaksin pasportunun olması məcburi deyil.

Federasiyanın baş katibi Beynəlxalq Cüdo Federasiyasının yarışlarda iştirak protokoluna görə, vaksin pasportu olmayan idmançıların belə yarışlara buraxıldıqlarını da bildirib: “Amma qaydalara görə, belə idmançılar yarışa yola düşməmişdən əvvəl bir, olmayanlar isə iki test verməlidirlər. Bizim üç cüdoçumuzda vaksin pasportu olmayıb. Onlardan yanvarın 21-də və 24-də götürülmüş testlərin nəticələri neqativ çıxıb. Vaksin pasportuna malik heyət üzvlərindən yanvarın 24-də götürülmüş testin nəticəsi də neqativ olub. Bütün prosedur qaydalarına əməl edilməklə cüdoçularımız yanvarın 26-da yarışa yola düşüblər. Ümid edirəm ki, komandamız Qran-Pridən qələbə ilə qayıdacaq”.

Qeyd edək ki, yanvarın 28-də Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-Sağlamlıq Mərkəzində gənclər arasında cüdo üzrə Bakı birinciliyi start götürüb. İki gün davam edəcək yarışda qızlar 44, 48, 52, 57, 63, 70, 78 +78 kiloqram, oğlanlar isə 55, 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edirlər.

Turnirin təşkilində məqsəd fevralın sonunda keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, həmçinin gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, cüdonun kütləviliyinə və təşviqinə nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.