İDMAN


Rəşad Sadıqov: Vacib oyunda qələbə qazandıq

Bakı, 15 may, Nicat Məmmədov, AZƏRTAC

Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasına vəsiqəni təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir.

AZƏRTAC xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Qırx dörd yaşlı mütəxəssis ilk hissədə üstün olduqlarını söyləyib: “İkinci yarıda rəqib ərazi üstünlüyünə malik idi. "Sabah" komandası məğlub durumda olanda heç-heçə də bizə sərf edirdi. Bu zaman risk etdim və Ramin Əhmədovu meydana buraxdıq. Bu da uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Hazırda “Şamaxı” ilə oyuna köklənmişik. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma şans varsa, bürünc medalı da əldə etməyə çalışacağıq.

R.Sadıqov baş məşqçi kimi avrokuboklarda debüt edəcəyini xatırladıb: “Qarşıda oyunlarımız var. İndi 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq".

Baş məşqçi Ramin Əhmədova şans verməsinə də toxunub: "Məşqlərdə özünü yaxşı göstərdi. Orta sahədə böyük rəqabət var. Bu gün risk edib onu meydana buraxdıq, bundan yaxşı istifadə etdi. O, buraya “Zaqatala”dan gəlib. Düşünürdüm ki, aşağı liqadan futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı".

"Neftçi"nin baş məşqçisi Samir Abbasov deyib: "Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar. Futbolçuları bu cür oyunlara kökləmək, hazırlamaq çətindir. Komanda yaxşı futbol sərgilədi. Bu cür oyun gözləyirdik".

Təcrübəli baş məşqçi müxtəlif matçlarda gənclərə şans verdiklərini sözlərinə əlavə edib: "Neftçi"də qazandığımız nəticələri çox yaxşı hesab edirəm. Bu mövsümə çox çətin başladıq. Amma uzun məğlubiyyətsizlik seriyamız oldu, itkilərlə, rotasiyalarla 2-ci yeri tutduq. Keçən il də çempion olmuşuq. Məncə, ən yaxşısını bacarmışıq".

S.Abbasov sonuncu turda "Qarabağ"la görüşə də toxunub: "Yenə də meydana ciddi itkilərlə çıxacağıq. Emin Mahmudov cəzalı duruma düşdü. Hakim bu gün həddindən artıq sərt qərarlar verdi. “Qəbələ” ilə oyunda qapımıza verilən penalti epizodunun oxşarı bu gün yaşandı, amma fit susdu. “Qarabağ”a qarşı mübarizə aparmalıyıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.