ORDU
Rəşad Süleymanov: Bakıda keçirilən hərbi parad Azərbaycan Ordusunun imkanlarını dünyaya göstərdi
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 26-da Bakıda keçirilən hərbi parad Azərbaycan Ordusunun hansı imkanlara qadir olduğunu dünyaya göstərdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, parad onu göstərdi ki, Azərbaycan Ordusu düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradın əhəmiyyətindən danışan hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib.
Paradda Azərbaycan Ordusunun istifadəsində yer alan silah və texnikaların bir qisminin nümayiş olunduğunu vurğulayan Rəşad Süleymanov qeyd edib: “Diqqət çəkən əsas məqamlardan biri Raket-Artilleriya Qoşunlarımızın yeni silahlarıdır. Qoşunların silahlanmasına yeni daxil olan mobil minaatan kompleksləri, özüyeriyən haubitsalar, yaylım atəşli reaktiv sistemlər bu kontekstdə xüsusi diqqət çəkir. Ən mühüm məqam isə yüksək dəqiqliyə malik, 100 kilometr üzərində atış məsafəsinə malik raketlərimiz oldu. Yüksək dəqiqliyə malik raket sistemlərini nümayiş etdirən Azərbaycan göstərdi ki, düşməndən fərqli olaraq başqasının silahını özününkü kimi cəmiyyətə təqdim etmir. Dövlət ən müasir silahları əldə edir və hansı ki, bu silahlar yüz kilometrlərlə uzaqlıqdakı istənilən hədəfi ilk atışda dəqiqliklə məhv etməyə imkan verir”.
Ekspert bildirib ki, paradda nümayiş etdirilən pilotsuz uçuş aparatlarının bəziləri təkcə postsovet məkanında deyil, eləcə də Cənub-Şərqi Avropada yalnız Azərbaycanın istifadəsindədir. Paradda Azərbaycanın milli hərbi sənayesinin məhsulları olan pilotsuz uçuş aparatları, zirehli maşınlar da nümayiş etdirilib. Ümumilikdə, nümayiş etdirilən silah və hərbi texnikalar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırıqları qısa vaxt ərzində və yüksək dəqiqliklə yerinə yetirmək imkanına malikdir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazi bütövlüyü təmin olunana qədər silah alımını davam etdirəcək. Bu silahlar təbii ki, sülh danışıqları dalana dirənən zaman istifadə edilmək üçün alınıb. Aprel döyüşlərində də, təlimlərdə də, paradda da bu mesaj verildi. Bu mesajın ünvanı olan Ermənistan və onun havadarları da anlamalıdırlar ki, kənardan nə qədər yardım alsalar da, nə silahlanma yarışında, nə də döyüş meydanında Azərbaycanla ayaqlaşa bilməyəcəklər. Məhz bu yarış Ermənistanın sosial və iqtisadi cəhətdən çökməsi ilə nəticələnəcək. Necə ki, hazırda bu proses düşmən ölkədə artıq başlayıb”.
Paradı izləyən sakinlərlə, eləcə də bunun üçün bölgələrdən Bakıya gələn vətəndaşlarla görüşüb söhbət etdiyini vurğulayan R.Süleymanov qeyd edib: “Mən hərbi texnikanı sevinc göz yaşları ilə salamlayan, müharibədə sağlamlığını itirən qazilərimizi gördüm. Havanın istisinə, izləyici sıxlığına baxmayaraq, körpə uşaqlarını əlində bayraq parad izləməyə gətirən minlərlə vətəndaşlarımız vardı. Onlarla söhbətdən bir daha əmin oldum ki, insanlar birmənalı şəkildə öz dövlətinin, öz Ordusunun yanındadır. Obrazlı ifadə ilə desək, insanlarımız qələbəni dadmaq istəyirlər. Vətəndaşlarımız Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyirlər”.