ELM VƏ TƏHSİL
Rəşad Xanlarov: Məqsədimiz rəqabətqabiliyyətli kadr hazırlamaqdır
Bakı, 19 sentyabr, AZƏRTAC
Koreya təhsil modeli və standartları əsasında qurulan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycanda və regionda ən müasir tələblərə cavab verən peşə təhsil müəssisəsidir.
Başlıca məqsədimiz sənaye ehtiyaclarına tələbatı ödəyə biləcək rəqabətqabiliyyətli kadr hazırlamaqdır. Qoyulan hədəf və məqsədlərə çatmaq üçün mərkəzin fəaliyyət istiqamətlərindən biri sənaye qurumları arasında məqsədyönlü əməkdaşlıq yaratmaq və mərkəzdə müasir tələblərə cavab verən peşə təhsili modelini qurmaqdır. Bu da öz növbəsində istedadların aşkar edilməsinə və onların müvafiq sahələrdə inkişafına şərait yaradacaq.
Bu fikri AZƏRTAC-a müsahibəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov deyib.
O bildirib ki, ilk tədris ilində mərkəzə 200 tələbə qəbul olunub. Bu tələbələr 12 qrupda təhsil alırlar. Qruplardan 8-də təhsil dövlət büdcəsi hesabına, 4-də isə ödənişli əsaslarla aparılır.
“Bu il qəbul olunan tələbələrimiz 1 il təhsil alacaqlar. 2020-2021-ci tədris ilindən etibarən isə 1 və 3 illik təhsil üzrə qəbul aparılacaq. Üçillik təhsili başa vuranlara subbakalavr dərəcəsi veriləcək. Subbakalavr dərəcəsi alan tələbələrimiz artıq ali təhsil müəssisələrində də təhsillərini davam etdirə biləcəklər”, - Rəşad Xanlarov qeyd edib.