ELM VƏ TƏHSİL


Rəşadətli ordumuz dünyaya cəsarət, qorxmazlıq və vətənpərvərlik nümayiş etdirdi

Bakı, 11 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 10-u dünya azərbaycanlılarının həyatında ən müqəddəs, ən sevincli günlərdən biridir. Bu gün Azərbaycan milli qürur və qələbə tarixini yaşayır. Sentyabrın 27-dən başlayaraq Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları, xalqımızın Vətən müharibəsi, 30 ilik Qarabağ həsrəti Böyük Qələbə, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüş meydanında düşmənin dərsini verməklə yanaşı, dünyaya cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşdi. Xalq-iqtidar birliyi bu tarixi qələbənin əsas özüllərindən biri rolunu oynadı və siyasət meydanında Prezidentimiz, ön cəbhədə rəşadətli ordumuz, arxa cəbhədə ləyaqətli xalqımızın inamı, mətin duruşu işğalçı Ermənistanı məğlubiyyətini boynuna almağa, kapitulyasiyaya məcbur etdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova söyləyib.

“Azərbaycan xalqının birlik rəmzinə çevrilən və düşmənin başını əzən “dəmir yumruq” təkcə işğal altındakı torpaqlarımızı azad etməklə qalmadı, həmçinin Naxçıvanla da gediş-gəliş bərpa edildi. Biz artıq Naxçıvana qədim torpaqlarımızdan keçərək gedəcəyik. Dağlıq Qarabağın “statusu” məsələsinə son qoyuldu. Məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına geri dönəcəklər. Azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Respublikasının bayrağı dalğalanacaq, qanunları tətbiq olunacaq, yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, Azərbaycan polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik Naxçıvanla Azərbaycanın qərb rayonları arasında bütün kommunikasiya xətləri bərpa ediləcək. Möhtərəm Prezidentimizin zamanında söylədiyi və hər kəsin dilində əzbərə çevrilən “Qarabağ Azərbaycandır!” nidası qələbəmizin təməli oldu. Bu yolda canını fəda edən bütün şəhidlərimizi sayğıyla anır, ruhları qarşısında baş əyirik. Yaralılarımıza şəfa diləyirik. Dünya azərbaycanlılarını zəfər münasibətilə təbrik edirik!”, - deyə Ceyran Mahmudova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.