ELM VƏ TƏHSİL
Rəsədxana əməkdaşı Çexiyada elmi-tədqiqatlarını davam etdirir
Bakı, 4 iyul, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri, astronomiya üzrə fəlsəfə doktoru Səbinə Məmmədova Çex Respublikasının Ondrejev Astronomiya İnstitutunun dəvəti ilə həmin institutda birgə elmi-tədqiqat aparmaq üçün Praqa şəhərində elmi ezamiyyətdədir.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Ezamiyyət müddətində Ulduzlar fizikası kafedrasının əməkdaşları ilə birgə praktiki və nəzəri iş aparılması nəzərdə tutulur. İkimetrlik Perek teleskopunda müşahidələr aparılması, əlavə olaraq avtomatik teleskopda fotometrik məlumatların əldə edilməsi və həmin məlumatlar əsasında birgə məqalələrin yazılması planlaşdırılır.
Qeyd edək ki, ezamiyyət xərcləri “Ekstremal massiv ulduzların fizikası” adlı, 823734 nömrəli Mariya-Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində Avropa İttifaqının Tədqiqat və İnnovasiya Proqramı - Horizon 2020 tərəfindən maliyyələşdirilib.