Rəsədxanada “Qravitasiya dalğalarının kəşfi” mövzusunda məruzə dinlənilib
AzerTAg.az
Bakı, 18 iyun, AZƏRTAC
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Seminarda rəsədxananın Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin kiçik elmi işçisi Cənnət Səmədov “Qravitasiya dalğalarının kəşfi” mövzusunda məruzə ilə çıxış edib. O, Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən, fəza-zaman bükülmələrindən və bu nəzəriyyənin bir əsr öncədən verdiyi proqnozlardan danışıb.
Eyni zamanda, LIGO və Virgo interferometrlərinin daxili strukturu və iş prinsipi izah olunub. Qara dəliklər və Neytron ulduzlar kimi kompakt obyektlərin hansı halda qravitasiya dalğalanmasına səbəb ola biləcəyi barədə məlumat verib.
C.Səmədov obyektlərin Elektromaqnit dalğalarla yanaşı qravitasiya dalğaları vasitəsilə öyrənilməsinin astrofiziki əhəmiyyətindən, “GRANDMA” layihəsindən söhbət açıb.
Sonra qravitasiya dalğalarının müşahidəsinin “Standart Model” və qarşılıqlı təsirlərin təbiətinin öyrənilməsi baxımından əhəmiyyəti barədə geniş müzakirə aparılıb.
Suallar cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var