ELM VƏ TƏHSİL
Rəsədxanada elmi-tədqiqat işləri ilə bağlı seminar keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi-tədqiqat işlərini başa çatdırmış II kurs magistrantların dissertasiyalarının ilkin müdafiə seminarı keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən təşkil edilən seminarda ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, magistrantların elmi-tədqiqat işlərini apardığı şöbə müdirləri, elmi rəhbərləri və ixtisasçılar da iştirak ediblər. Seminara rəhbərlik edən dosent Bayram Rüstəmov məruzələrin mövzuları barədə seminar iştirakçılarına məlumat verib.
Daha sonra ŞAR magistrantları Zümrüd Binnətova, Türkan Yusifzadə və Samirə Rəhimli uyğun olaraq “CH4 λ6800Å Spektral udulma zolağında Neptun atmosferində fırlanma tempraturunun təyini”, “Beta Lyra ulduzunun spektrində hidrogen xətlərinin tədqiqi” və “NGC 3516 Seyfert qalatikasının spektral və fotometrik tədqiqi” mövzusunda dissertasiya işləri haqqında təqdimatla çıxış edib, sualları cavablandırıblar.
Magistrantların məruzələri ətrafında geniş müzakirələr aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.