ELM VƏ TƏHSİL
Rəsədxanada tələbələrin istehsalat təcrübəsi başa çatıb
Bakı, 19 may, AZƏRTAC
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbələrinin istehsalat təcrübəsi başa çatıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, təcrübə müddətində tələbələrə dərs planına uyğun olaraq rəsədxananın Bakı şəhər bölməsində nəzəri biliklər tədris edilib. Tələbələrə rəsədxananın alimləri tərəfindən astronomiyanın prioritet tədqiqat sahələri, Günəş sistemi, ulduzlar və onlarda baş verən proseslər, planetlər və qalaktikalar haqqında ümumi məlumat verilib.
İstehsalat təcrübəsinin nəzəri tədris müddətini başa vuran tələbələrə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında praktiki dərslər keçirilib. Burada tələbələr rəsədxananın infrastrukturu və muzeylə tanış edildikdən sonra onlara teleskoplar və digər astronomik cihazlar, onların iş prinsipi və rəsədxanada aparılan əsas elmi-tədqiqat istiqamətləri üzrə tədris aparılıb.
Təcrübələrini uğurla başa vuran tələbələr onlara yaradılan şərait üçün rəsədxananın rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.