MƏDƏNİYYƏT
Rəşid Behbudovun xatirəsi anılıb
Bakı, 9 iyun, Aynur İsmayılova, AZƏRTAC
İyunun 9-da Azərbaycan Dövlət Mahnı Teatrında R.Behbudov adına iki nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə görkəmli müğənni, Xalq Artisti Rəşid Behbudovun anım gününə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə reallaşıb.
Tədbirdə Rəşid Behbudovun həyat və yaradıcılığı barədə məlumat verilib, məktəbin fəaliyyəti və tanınmış tələbələri haqqında qısametrajlı film nümayiş olunub.
Sonra məktəblilərin ifasında geniş konsert proqramı təqdim olunub. Gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.