ELM VƏ TƏHSİL
Rəşid bəy Əfəndiyevin “Bəsirətül-ətfal” əsəri nəşr olunub
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan maarifçisi və yazıçısı Rəşid bəy Əfəndiyevin (1863-942) “Bəsirətül-ətfal” (Uşaqların idrakı) əsəri çapdan çıxıb.
Əsərin mətnini transfoneliterasiya edən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Aynurə Məmmədovadır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabın elmi redaktoru akademik Möhsün Nağısoyludur.
“Bəsirətül-ətfal” əsəri XX əsrin ilk Azərbaycan dərsliyi hesab edilir. Uşaqlar üçün tərbiyəvi xarakter daşıyan, onların idraki biliklərinin zənginləşməsinə yönəlmiş bu kitabda nəzmlə və nəsrlə yazılmış kiçik hekayələr, bəzi yazı nümunələri – məktub, dəvətnamə, təbriknamə yazmaq qaydaları, dini qaydalara düzgün riayət, eləcə də bir sıra ziyalılar haqqında məlumatlar yer alır.
A.Məmmədova əsərdə çətin anlaşılan ərəb-fars sözlərindən ibarət lüğət tərtib edib ki, bu da kitabın sonuna daxil edilib.
Qeyd edək ki, əsərin dili olduğu kimi saxlanılıb.