DÜNYA
Rəsmdəki krossvordu dolduran qadın alman polisini çaş-baş salıb
Bakı, 6 avqust, AZƏRTAC
Almaniyanın Nürnberq şəhərində maraqlı hadisə baş verib.
AZƏRTAC noz.de saytına istinadla xəbər verir ki, şəhərin Yeni muzeyində sərgini izləməyə gəlmiş 90 yaşlı qadın danimarkalı avanqardçı-rəssam Artur Kepkenin 1965-ci ildə çəkdiyi “Sözü yazın” adlı rəsm əsərində göstərilmiş krossvordu qələmlə doldurub.
Hadisə yerinə gələn polis əməkdaşları yaşlı qadını sənət əsərini korlamaqda ittiham ediblər. Lakin qadının vəkili müdafiə etdiyi şəxsin maraqlı mövqeyini ortaya qoyub. Qadın rəsmdəki krossvordu doldurmaqla onu daha da dəyərli etdiyini bildirib. Onun dediyinə görə, 1950-1960-cı illərdə populyar olmuş və rəsmin müəllifinin də üzv olduğu "Fluksus" cərəyanı bu cür rəsmlərin tamamlanmasını nəzərdə tuturdu.
Muzey rəhbərliyi 80 min avroya sığortalanmış sənət əsərini əvvəlki vəziyyətinə qaytarmağın çətin olmayacağını bildirib.
Vəkil qarşı tərəfə məhkəmə işinin bağlanmasını və gələcəkdə bu cür hadisələrin təkrar olunmaması üçün müvafiq qadağanedici lövhənin asılmasını təklif edib.