MƏDƏNİYYƏT
Rəsmiyyə Davudqızının yaradıcılığına həsr olunan “Son bahar” musiqili-poeziya gecəsi
Bakı, 15 noyabr, AZƏRTAC
Ağaclardan qopub-düşən qızıl-sarı yarpaqlar, pəncərəni döyəcləyən yağış damcıları, çiçəklərin ləçəklərini qoparıb aparan külək, təbiətə sığal çəkən payız naxışları ...
AZƏRTAC xəbər verir ki, R.Behbudov adına Mahnı Teatrında Rəsmiyyə Davudqızının yaradıcılığına həsr olunan “Son bahar” musiqili-poeziya gecəsinin ruhunu belə müəyyənləşdirmək olardı.
Musiqili-poeziya gecəsində Xalq artisti Flora Kərimova, Əməkdar artistlər Firuzə İbadova, Mətanət İsgəndərli, müğənnilər Natiq Musayev, Elxan Qaraxanoğlu və başqaları bəstəkarlar Tahir Əkbər, Nailə Mirməmmədli və Arif Səliminin onun sözlərinə bəstələnmiş mahnılarını ifa ediblər.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nadir Hüseynov və gənc qiraətçi Xəzər Süleymanlının ifasında şairənin qələmindən çıxan şeirlər səslənib.