REGİONLAR
Respublika Folklor Festivalının seçim mərhələsinə şimal bölgəsindən 20-yə yaxın kollektiv qatılıb VİDEO
Xaçmaz, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsinə şimal bölgəsində fəaliyyət göstərən 20-yə yaxın kollektiv qatılıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət mərkəzində keçirilən seçim turunda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını təmsil edən folklor qrupları təqdimatlarla çıxış ediblər.
Seçim mərhələsində təmsil olunan 17 kollektiv arasında ləzgiləri, tatları, axıska türklərini və şimal bölgəsində yaşayan digər azsaylı xalqların, etnik qrupların təmsilçiləri də yer alıb.
Kollektivlər tərəfindən təqdim olunan folklor nümunələrini Mədəniyyət Nazirliyinin, Mədəniyyət və İncəsənət Universitetinin və Mahnı və Rəqs Ansamblının nümayəndələrindən təşkil olunan münsiflər qiymətləndirir. Seçim turunda fərqlənən kollektivlər Ənənəvi Respublika Folklor Festivalında çıxış etmək imkanı qazanacaq.
Sentyabrın 17-dən oktyabrın 31-dək davam edəcək seçim turları ölkəmizin bütün regionlarında təşkil olunacaq.
Ənənəvi Respublika Folklor Festivalı “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq keçirilir.