CƏMİYYƏT


“Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsinin icrasına start verilib

Bakı, 19 noyabr, AZƏRTAC

Mindən çox gənci əhatə edəcək “Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi fəaliyyətə başlayır.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyindən (DVC) AZƏRTAC-a bildiriblər ki, Forum çərçivəsində keçiriləcək tədbirlərdə “Dövlətlərin sahib olduğu hərbi gücün sivil münasibətlərin inkişafında rolu” mövzusunda müzakirələr aparılacaq. Layihə Gənclər və İdman Nazirliyinin, DVC-nin birgə təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində reallaşdırılacaq.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində gənc debatçılar da “Dövlətlərin sahib olduğu hərbi güc dövlətlərarası sivil münasibətlərin inkişafında effektiv rol oynayır” mövzusunda araşdırmalar aparacaq, debatlar təşkil edəcəklər. Eyni zamanda, mövzu ətrafında gənclərlə ekspert görüşləri təşkil olunacaq. Layihə regionlarda yaşayan gənclərin sosial fəallıqlarının artırılmasına da xidmət edəcək, gənclər mübadiləsi formatında həyata keçiriləcək.

“Respublika Gənclər Debat Forumu: Payız 2018” layihəsi çərçivəsində gənclərə debat təlimləri və s. tədbirlər təşkil olunacaq. Təlimlər nəticəsində gənc debatçılar universitet daxili turnirlərdə iştirak edəcəklər. Bakının ali təhsil müəssisələrində daxili turnirlər keçirən komandalar noyabrın 24-25-də “Bakı Gənclər Debat Forumu: Payız 2018” layihəsində iştirak etməyə hazırlaşırlar. Həmçinin bu mövsümdən etibarən paytaxtda və regionlarda fəaliyyət göstərən gənclər təşkilatları, Gənclər evləri də forumda iştirak edə biləcəklər.

Bundan əlavə, “Respublika Gənclər Debat Forumu: Payız 2018” çərçivəsində regionlarda da debat fəaliyyəti davam edir. Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Sabirabad, Biləsuvar və Şirvan debat nümayəndəliklərində gənclərə debat təlimləri keçilir və Regional Debat Forumları təşkil olunur.

Respublika Gənclər Debat Forumu (RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır. RGDF-nin keçirilməsinin məqsədi gənclər arasında nitq mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərarvermə proseslərində, ictimai fəallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir. RGDF-nin vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Proqram hazırda 12 Regional Debat Mərkəzi, paytaxtda və regionlarda 200-dən çox təhsil müəssisəsində Debat klubları vasitəsilə respublikanın 45 rayonunu və bütün böyük şəhərlərini əhatə edir. Artıq 20 ildir reallaşdırılan Milli Debat Proqramının əsas məqsədi gənclərin maarifləndirilməsi və dövlətin strateji sahələrinin inkişafına dəstək verilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.