MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə videoçarx hazırlayıb
Bakı, 19 avqust, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Fransa Müqavimət hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılova həsr olunmuş videoçarx hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarx Əhmədiyyə Cəbrayılovun həyatına, qəhrəmanlıq yoluna bir izləyici nəzəridir. Burada ilk növbədə Azərbaycanın qəhrəman oğlunun doğulub boya-başa çatdığı Şəkinin Oxud kəndi, uşaqlıq illəri, məktəb dövrü, sonradan isə başlanan, bütün bir tarixi ağuşuna alan Böyük Vətən müharibəsi illəri təsvir olunur. 1941-ci ildə müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə gedən, Fransa Müqavimət hərəkatında fəal iştirak edən qəhrəmanımızın əsir düşməsi, əsirlikdən necə azad olması, çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz qəhrəmanlıqları videoçarxda təsvir edilib. Kitabxananın əməkdaşı tərəfindən hazırlanan materialda Əhmədiyyə Cəbrayılovun faciəli şəkildə vəfatından da bəhs olunur. Təqdim olunan videoçarxda onun Fransa dövlətinin orden və medalları ilə təltif edilməsi, xatirəsinin əbədiləşdirilməsindən, oğlu Mikayıl Cəbrayılovun Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olmasından da danışılır.