MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası “Kitabxanalardan gələcəyə” beynəlxalq konfransında iştirak edib
Bakı, 25 noyabr, AZƏRTAC
Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi illər ərzində dəfələrlə beynəlxalq kitabxanalararası münasibətlərin inkişafı məqsədilə müxtəlif konfrans, forum və tədbirlərdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, kitabxana onlayn rejimdə təşkil olunan “Kitabxanalardan gələcəyə” XX Beynəlxalq Konfransda iştirak edib. 130 nəfər kitabxanaçının qatıldığı və “Biz birlikdə olanda: kitab, kitabxana və gənclik vahid mədəniyyət məkanında cəmlənir” başlığı altında təşkil edilən konfransda Respublika Gənclər Kitabxanasının Hüquqi İnformasiya şöbəsinin müdiri Günay Həsənova “Dünya ədəbiyyatı tarixində iz buraxanlar – Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi” adlı məruzə ilə çıxış edib. Məruzənin mövzusu 2021-ci ildə Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar seçilib. Məruzədə Respublika Gənclər Kitabxanasının “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirdiyi layihələr, fotomüsabiqələr, viktorinalar, onlayn tədbirlər, hazırlanan materiallar-biblioqrafik icmal, videoçarxlar, virtual kitab sərgiləri, “book trailer”lər və s. haqda məlumat verilib. Gələcəkdə nəzərdə tutulan işlər – elektron məlumat bazası, xarici dillərdə paylaşımlar haqqında söhbət açılıb. Sözügedən məruzə konferensiyanın rəsmi saytında yerləşdirilib və gələcəkdə “Kitabxanalardan gələcəyə” XX Beynəlxalq Konfransının nəticələrini əks etdirən hesabat toplusuna daxil edilməsi nəzərdə tutulur.