MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanası “Xilas günü- Milli Qurtuluş” adlı tədbir təşkil edib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Zoom” proqramı üzərindən 15 iyun- Milli Qurtuluş Günü ilə əlaqədar “Xilas günü-Milli Qurtuluş” adlı tədbir təşkil edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir ümummilli lider Heydər Əliyevin qürurlu səsi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” ifadələrinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq Azərbaycanda müstəqilliyin ilk illərində siyasi hakimiyyətdə yaranan boşluqdan, vətənin ağır dövründə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlməsi, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etməsindən danışıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Ədalət Qasımov məruzəsini “bu şanlı tarixi, milli qurtuluş gününü ulu öndər Heydər Əliyev yaratdı” cümləsi ilə başlayıb. Ümummilli liderin Moskvadan Azərbaycana qayıdışından sonra Naxçıvanda Yeni Azərbaycan Partiyasını təsis etməsi, qonşu dövlətlərlə siyasi, iqtisadi əlaqələr qurması, hərbi müxalifəti neytrallaşdırması, daxili siyasi sabitliyi təmin etməsi, ölkənin bütün dünyaya inteqrasiyasını sürətləndirməsi, milli təhlükəsizlik sistemini möhkəmləndirməsi sahəsində əvəzsiz xidmətlərindən danışıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi ulu öndər Heydər Əliyev fenomeninin böyüklüyü, XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına ən fəal dövlət rəhbəri kimi daxil olması mövzusunda çıxış edib. Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafa qədəm qoymasında Ulu Öndərin xidmətlərindən, həmçinin, dünya çapında siyasi lider sayılmasından danışıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sosial şəbəkələrdə Azərbaycanın Milli Qurtuluş Günü ilə əlaqədar tədbirləri davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.