MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası qazilərlə canlı görüşləri davam etdirir
Bakı, 23 dekabr, AZƏRTAC
Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə təşkil etdiyi silsilə canlı yayımları davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Sevilənlər sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayımın qonaqları qazilər Samir Məmmədov və Elnur Əkbərov olub. Görüşün ilk 30 dəqiqəsi Samir Məmmədovun iştirakı ilə keçdi. Qazi canlı yayım izləyicilərinə qısaca olaraq özü haqqında məlumat verdi. Hərbçi olan qazimiz Gülüstan, Talış kəndi, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirakından, müharibə təəssüratlarından, harada və necə yaralanmasından söhbət açdı. 16 saat döyüş bölgəsində yaralı vəziyyətdə qalan igidimiz özü kimi qəhrəman silahdaşlarının sayəsində döyüş ərazisindən çıxarılaraq, əvvəlcə Naftalana, Gəncəyə sonradan isə vəziyyəti ağırlaşdığı üçün Bakıya- xəstəxanaya göndərilməsindən danışdı. O, döyüş yoldaşı Araz Əlilinin yaralı olmasına, çoxlu qan itirməsinə baxmayaraq onu döyüş ərazisində yaralı vəziyyətdə qoymayaraq, həyatını xilas etməsini böyük minnətdarlıq hissi ilə xatırlayıb.
Canlı yayımın ikinci hissəsinin qonağı könüllü olaraq döyüşlərə qatılan Elnur Əkbərov oldu. İgid əsgər Fizuli istiqamətində olan döyüşlərdə iştirak edib, qolundan və ayağından yaralanaraq qazi olub. O, döyüşlər zamanı əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrətin onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söyləyib. Elnur müharibədə iştirak etmək, illərlə düşmən əsarəti altında olan Azərbaycan torpaqlarının azad edilməsinin özü üçün şərəf, fəxarət olmasını qeyd edib. Qazi yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarını böyük ehtiramla xatırlayıb. Qonaq Sərdar İsmayılov, Tural Dəmirçiyev kimi qəhrəman Azərbaycan oğullarının adını çəkərək bu qələbənin onların və onlar kimi yüzlərlə şəhidin sayəsində qazanıldığını söyləyib.
Qazi müharibə xatirələrinin, şəhid yoldaşlarının sön nəfəsdə söylədikləri sözləri bir ömürboyu unutmayacağını dilə gətirib. Gələcək planları haqqında danışan Elnur ali təhsilini davam edəcəyini söyləyib.
İstifadəçilər qazilər Samir Məmmədov və Elnur Əkbərovun iştirakı ilə keçirilən canlı yayıma aşağıdakı link vasitəsilə baxa bilərlər.
https://www.instagram.com/tv/CJG_jSMlWZi/?igshid=go6lkx6bdxh6