MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası xarici dillərdə virtual kitab sərgiləri təqdim edib
Bakı, 17 iyun, AZƏRTAC
Gənc nəslin dünya klassiklərini tanımaları, dünya ədəbiyyatı incilərini mütaliəsi və təbliğini təşkil etmək məqsədilə Respublika Gənclər Kitabxanası xarici ədəbiyyat nümayəndələri haqqında materialların hazırlanması işində həmişə fəallıq nümayiş etdirir. Belə ki, kitabxana əməkdaşları A. Kuprin, A.Qriboyedov, A. Blok, A.Çexov, V.Belinski, M. Bulqakov, A.Axmatova, F.Dostoyevski, İ.Turgenev, S. Yesenin və s. haqqında Azərbaycan və rus dillərində virtual kitab sərgiləri, biblioqrafik icmallar, video çarxlar hazırlayaraq istifadəçilərə təqdim ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əksəriyyəti rus dilində hazırlanmış bu vəsaitlərin bəziləri yazı materialları əsasında, digəri isə səsli formada hazırlanıb. Hazırlanan materiallarda rus ədəbiyyatı nümayəndələrinin həyat yolu, yaradıcılıq mərhələləri haqqında geniş, ətraflı məlumat verilib. Vəsaitlərdə klassiklərin müəllifi olduqları əsərlər haqqında söhbət açılır, onların kitabları nümayiş etdirilir. Burada onlar haqqında maraqlı faktlar, əsərlərindən parçalar, şəxsi fotoalbomlarından şəkillər paylaşılır. Rus ədəbiyyatının parlaq simaları ilə tanış olmaq, onların həyat və yaradıcılıqları, əsərləri haqqında məlumat almaq istəyən izləyicilər üçün bu materiallar əsl hədiyyədir.
Respublika Gənclər Kitabxanası gələcəkdə də bu yönümdə fəaliyyətini davam etdirməyi və öz istifadəçilərini nəinki rus ədəbiyyatı nümayəndələri, həmçinin də dünya ədəbiyyatının klassikləri və çağdaş dövrünün parlaq simaları ilə tanış etməyi planlaşdırır.
İzləyicilər sözügedən materiallara kitabxananın rəsmi saytında, sosial şəbəkə səhifələrində və yutub kanalında baxa bilərlər.