MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi qazisi ilə görüş keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qazi Abbas Qasımovla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində dünyaşöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin əziz xatirəsi və dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan kitabxananın direktoru Aslan Cəfərov Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnikalarla təchiz edildiyini bildirib, 44 günlük müharibədə möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən ordumuzun şücaətindən danışıb. O, Azərbaycanın igid əsgəri qazi Abbas Qasımovun Füzuli, Cəbrayıl, Xocavənd, Laçının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etməsindən bəhs edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, politoloq, polkovnik Elşad Həsənov, “Əziz Şuşa, biz qayıtmışıq” filminin ssenari müəllifi və redaktoru Rasim İsmayılov, “Mədəniyyət” kanalının “Ədəbi dram verilişləri” baş redaksiyasının baş redaktorunun müavini Təranə Bakirqızı çıxış edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının müstəqil Azərbaycanın dövlət quruculuğunda mühüm nailiyyətlərdən biri olduğunu söyləyib, bir vaxtlar pərakəndəliyin, intizamsızlığın hökm sürdüyü ordumuzun bu gün dəmir yumruğa çevrildiyini vurğulayıblar. Həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Şanlı Ordumuzun 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməsindən, bununla tariximizə şanlı Zəfərin qızıl hərflərlə yazılmasından söz açıblar.

Bakı Media Mərkəzinin rejissoru Cavidan Şərifov “Əziz Şuşa, biz qayıtmışıq” filminin ərsəyə gəlməsindən, ssenari üzərində gedən işlərdən, əsgərlərlə görüşündən söhbət açıb. O, dəqiq faktlara, canlı xatirələrə əsaslanan filmin baxış zamanı hər bir azərbaycanlının qəlbini sevinc və qürur hissi ilə fəth edəcəyinə əmin olduğunu dilə gətirib.

Teleaparıcı, jurnalist Fəxriyyə İsayeva kitabxanaya şəhid Zahid Bayramova həsr olunan kitab hədiyyə edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Zahid Bayramov haqqında məlumat verib, şəhidin atası Səməd Saranlının qələmə aldığı şeiri səsləndirib.

Qazi Abbas Qasımov görüşün təşkilinə görə kitabxanaya təşəkkürünü bildirib. O, döyüş xatirələrindən danışıb, onunla bir yerdə döyüşən və şəhid olan silahdaşlarının qəhrəmanlıqlarından söz açıb.

Tədbirdə Abbas Qasımovun anası, “Altus” MMC-nin direktoru Eldar Rzayev və başqaları da çıxış ediblər.

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə hazırlanan videomateriallara baxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.