SİYASƏT


Respublika Günü münasibətilə Melburnda Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

Melburn, 27 may, AZƏRTAC

28 May - Respublika Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində yerləşən Federasiya Meydanında Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi təşkil edilib.

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Melburndakı Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Melburn şəhərində yaşayan həmvətənlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin sədaları altında dövlət bayrağımızın Federasiya Meydanında ucaldılması ilə başlayıb.

Tədbiri açan Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Nicat Hacıyev 28 May - Respublika Günü münasibətilə soydaşlarımızı təbrik edib. Bu münasibətlə Melburnda təşkil edilən Azərbaycanın dövlət bayrağının qaldırılması mərasiminin Avstraliyada artıq ənənə şəkli aldığını bildirib. Qeyd edib ki, belə tədbirlər Azərbaycan-Avstraliya əlaqələrinin inkişafına mühüm təsir göstərir, Azərbaycanın Avstraliyada daha yaxından tanıdılmasına, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən N.Hacıyev Cümhuriyyətin yaranmasının Azərbaycan tarixində mühüm hadisə olduğunu bildirib, həmin dövrdə əldə edilən çoxsaylı nailiyyətlərdən bəhs edib. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayan N.Hacıyev müasir Azərbaycanın formalaşmasında da onun əhəmiyyətini xüsusi qeyd edib. Xalq Cümhuriyyəti qurucularının xatirəsinin hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edildiyini bildirib.

1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən N.Hacıyev müstəqilliyin qorunub saxlanılmasında, eləcə də müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın multikulturalizm dəyərlərinə söykənən dünyəvi dövlət olduğunu bildirib və ölkə rəhbərliyinin bu dəyərlərin qorunub saxlanmasına və təşviqinə xüsusi əhəmiyyət verdiyini deyib.

Mərasimdə çıxış edən Viktoriya parlamentinin üzvü Devid Sautvik əlamətdar bayram münasibətilə təbriklərini çatdıraraq, Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı inkişaf arzulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yalnız xalqımızın deyil, ətraf ölkələrin də inkişafında oynadığı rolu yüksək qiymətləndirib.

Mərasimdə digər çıxış edənlər -Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü Tatyana Zemlinskaya, assosiasiyanın fəal üzvü Vəfa Sadıqzadə və digərləri bayram münasibətilə təbriklərini çatdıraraq, Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının qürur mənbəyinə çevrildiyini vurğulayıblar. Tarixi Vətənimiz Azərbaycanın sosial-iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilməsinin ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının qəlbində fərəh hissi doğurduğunu qeyd ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Melburn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.