SİYASƏT


Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Xorvatiyada qeyd olunub

Zaqreb, 28 may, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı ilə Zaqrebdə 28 May – Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Xorvatiya Xarici və Avropa İşləri nazirinin müavinləri İvitsa Skraçiç və İvana Jivkoviç iştirak ediblər. Bununla yanaşı, qonaqlar arasında Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, parlamentin üzvləri Velyko Kaytazi və Goran Beus Riçembergh, eləcə də digər yüksəksəviyyəli hökumət və dövlət nümayəndələri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan–Xorvatiya Dostluq Qrupunun üzvləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edib. Səfir tarixə nəzər salaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, əsasən xarici xidmət orqanlarının yaradılması, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı haqqında söz açıb. O, Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsindən sonra xarici siyasət istiqamətində qazanılmış uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. F.Qurbanov Azərbaycan ilə Xorvatiya arasında siyasi münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu deyib və tərəflər arasında yüksək səviyyədə mütəmadi səfərlərin baş tutmasından danışıb. Diplomat, xüsusilə, cari il aprelin 29-da Xorvatiya Baş Nazirinin müavini və Xarici və Avropa İşləri naziri xanım Mariya Buriçin Azərbaycana uğurlu rəsmi səfəri çərçivəsində Xorvatiya Respublikasının Bakıdakı səfirliyinin rəsmi açılışını və Azərbaycan-Xorvatiya iş adamlarının biznes forumunun keçirilməsini xatırladıb.

Rəsmi qəbul keçirilən zalda tədbir iştirakçıları üçün Azərbaycanın xarici xidmət orqanlarının yaradılması, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı və rəsmi yazışma və sənədləri özündə əks etdirən fotosərgi təşkil olunub, qonaqlara səfirlik tərəfindən turizm imkanlarından bəhs edən bukletlər, “IRS-Heritage” jurnalları hədiyyə edilib.

Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.