SİYASƏT
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Dohada rəsmi qəbul keçirilib
Bakı, 27 may, AZƏRTAC
28 May - Respublika günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Doha şəhərində rəsmi qəbul təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qətərin yüksəksəviyyəli rəsmi şəxsləri, diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan və türk icmalarının, yerli KİV-lərin nümayəndələri, iş adamları iştirak ediblər.
Hər iki dövlətin himnlərinin canlı ifasından sonra səfir Rəşad İsmayılov çıxış edərək qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ölkəmiz və dünya üçün əlamətdar hadisə olduğunu bildirən səfir Cümhuriyyətin müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb.
Sonra səfir 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini qazanmasından sonra üzləşdiyi çətinliklər və ərazilərimizin işğalı haqqında danışıb. O, xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ölkəmizin inkişaf və sabitlik mərhələsinə daxil olduğunu deyib. Səfir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük inkişafın şahidi olduğunu diqqətə çatdırıb.
Bu il ölkəmizdə Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirən diplomat ölkəmizin başçısının uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındığını, bir çox regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsü olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Qətər diplomatik münasibətlərinin qurulmasının 2019-cu ildə 25 illiyinin tamam olduğunu xatırladan Rəşad İsmayılov ölkələrimiz arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin 2016-cı ilin martında ölkəmizə, Azərbaycan Prezidentinin isə 2017-ci ilin fevralında Qətərə səfərlərinin ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu və həmin səfərlərin qarşılıqlı əməkdaşlığın daha da inkişafında xüsusi rol oynadığını qeyd edib.
Sonra Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib. Ölkəmizdən gəlmiş sənətçilərin ifasında milli musiqi parçaları səsləndirilib.
Tədbir ziyafətlə davam etdirilib və qonaqlara milli mətbəximizin nümunələri, həmçinin ölkəmizlə bağlı xatirə hədiyyələri təqdim olunub.