SİYASƏT


Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi Macarıstanda da qeyd olunub

Budapeşt, 29 may, AZƏRTAC

Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə ölkəmizin Macarıstandakı səfirliyində rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, 200-dək qonağın qatıldığı qəbulda Macarıstanın dövlət və parlament rəsmiləri, Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və KİV-lərin təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Macarıstan tərəfini əsas qonaq qismində Xarici İşlər və Ticarət Nazirliyinin Dövlət katibinin müavini Andraş Baranyi təmsil edib.

Əvvəlcə Azərbaycanın və Macarıstanın dövlət himnləri səsləndirilib.

Çıxış edən səfir Vilayət Quliyev cari ildə Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinin qeyd edildiyini bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məlumat verən səfir Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakının ölkəmizin diplomatiyasının uğurlu başlanğıcı olduğunu vurğulayıb. V.Quliyev bildirib ki, Azərbaycanın ilk diplomatlarının fəaliyyəti nəticəsində 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması haqqında qərar verildi.

Bundan əlavə, V.Quliyev Bakıda 70-dən çox ölkənin və beynəlxalq təşkilatın diplomatik missiyalarının fəaliyyət göstərdiyini bildirib, eyni zamanda, Azərbaycanın dünyanın beş qitəsində 76 səfirlik, baş konsulluq və fəxri konsulluqla təmsil olunduğunu diqqətə çatdırıb. Bunun Azərbaycan diplomatiyasının uğuru, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artdığının bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Dövlət katibinin müavini Andraş Baranyi çıxış edərək bu tarixi və siyasi hadisə ilə bağlı Azərbaycan xalqına Macarıstan hökuməti adından təbriklərini və xoş arzularını çatdırıb. Diplomat iki ölkə arasında mövcud olan münasibətlərə diqqət çəkərək, cari ilin ikinci yarısında bir sıra əhəmiyyətli tədbirlərin baş tutacağını, o cümlədən Türk Şurasının Bakıda keçiriləcək Sammitində Macarıstanın yüksək səviyyədə təmsil olunmasının və Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclasının təşkilinin planlaşdırıldığını qeyd edib.

Qəbul Azərbaycan mətbəxinin nümunələrinin də daxil edildiyi ziyafətlə yekunlaşıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.