SİYASƏT


Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanın Çilidəki diplomatik missiyasının təşkilatçılığı ilə 28 May-Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Çilinin Santiaqo şəhərində rəsmi qəbul təşkil edilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Çilinin dövlət və hökumət nümayəndələri, o cümlədən Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi və Nazirliyin bir çox rəsmiləri, Çili Senatında Azərbaycanla dostluq qrupunun sədri senator Fransisko Çauan, Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri və Azərbaycanla dostluq qrupunun üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 101-ci ildönümünün və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd olunduğunu bildirib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə gördüyü tarixi əhəmiyyətli tədbirlərdən bəhs edib.

Diplomat 1991-ci ildə müstəqilliyinin bərpasından sonra ölkəmizin üzləşdiyi problemlərdən bəhs edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticədə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun işğal edildiyini diqqətə çatdırıb. Bildirilib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir.

Azərbaycanın əldə etdiyi hərtərəfli inkişafdan danışan səfir Rəşad Aslanov ölkəmizin təşəbbüskarı və iştirakı ilə həyata keçirilən uğurlu beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri barədə məlumat verib.

Azərbaycan və Çili arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir ötən il Çilinin Bakıda diplomatik nümayəndəliyinin təsis edilməsinin, bu yaxınlarda Azərbaycanın xarici işlər nazirinin Çiliyə ilk rəsmi səfərinin bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərimizin tarixinə mühüm əhəmiyyətli hadisələr olaraq düşdüyünü bildirib.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.