SİYASƏT


Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Cakartada təntənəli şəkildə qeyd olunub

Cakarta, 1 may, AZƏRTAC

Cakarta şəhərində 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda İndoneziyanın aqrar və ərazi planlaşdırma naziri Sofyan Cəlil ilə yanaşı, parlamentin Regional Nümayəndələr Palatasının baş katibi Reydonni Moenik, Nümayəndələr Palatasında İndoneziya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Meutya Hafid, Nümayəndələr Palatasının birinci komissiyasının sədr müavini Satya Vidya Yudha, İndoneziya Poçt Dövlət Şirkətinin baş direktoru Qilarsi Vahyu Seticono, habelə yerli dövlət orqanlarının rəsmiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, işgüzar dairələrin, media və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinin, eyni zamanda, Azərbaycan diplomatiyasının 100 illik yubileyinin qeyd edildiyini diqqətə çatdırıb. O, 1920-ci ilin aprelində bolşevik işğalı ilə Azərbaycanın Sovet İttifaqının tərkibinə qatıldığını, lakin 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edildiyini qonaqların diqqətinə çatdırıb.

Qonaqlara Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, ölkəmizdəki tolerantlıq və multikulturalizm ənənələri, müasir dinamik inkişafı, iqtisadiyyatı, aparılan sosial islahatlar, Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, ölkəmizin oynadığı regional qovşaq rolundan bəhs edib.

Son 15 ildə ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü islahatlardan danışan R.Nəsibov Azərbaycana 260 milyard ABŞ dolları dəyərində investisiya qoyulduğunu, ölkə iqtisadiyyatının 3 dəfədən çox artdığını, yoxsulluq səviyyəsinin 5,4 faizə endiyini, valyuta ehtiyatının xarici borcu 5 dəfə üstələyək 46 milyard ABŞ dollarına çatdığını, Dünya Bankının “Doing Business” hesabatında əsasən 25-ci yerdə, Davos Dünya İqtisadi Forumunun hesabatında yol infrastrukturuna görə bir çox aparıcı dünya dövlətlərini qabaqlayaraq 34-cü yerdə qərarlaşdığını diqqətə çatdırıb. Diplomat Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqedən yararlanaraq, ölkəmizin Asiya və Avropa arasında qapı rolu oynadığını vurğulayıb və Bakı Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Heydər Əliyev Beynəlxalq Hava Limanı və digər hava limanları, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi və digər regional enerji və nəqliyyat layihələri barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən diplomat ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etdiyini vurğulayıb. İşğal altında olan ərazilərdəki tarixi abidələrimizin və mədəni irsimizin Ermənistan tərəfindən məhv edildiyini və təbii sərvətlərin talan edildiyini diqqətə çatdırıb.

Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrindən bəhs edən R.Nəsibov 1992-ci ildə əsası qoyulan diplomatik münasibətlərin uğurla inkişaf etdiyini söyləyib, iqtisadi göstəricilər, qarşılıqlı səfərlər, dostluq əlaqələri və mövcud əməkdaşlığımız haqqında məlumat verib. Sonra o, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik edəcəyini bildirib, oktyabrın 21-26-da Bakıda “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına qarşı birgə və adekvat cavabların verilməsini təmin etmək” mövzusunda keçiriləcək sammitdə Qoşulmama Hərəkatının təsisçisi olan İndoneziyanın fəal iştirakına ümid etdiyini söyləyib.

Tədbirdə əsas qonaq qismində iştirak edən aqrar və ərazi planlaşdırma naziri Sofyan Cəlil İndoneziya hökuməti adından Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Azərbaycan ilə İndoneziya arasındakı diplomatik münasibətlərin yarandığı gündən iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini və İndoneziyanın bu əlaqələrə xüsusi önəm verdiyini deyib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin və o dövrün siyasi hadisələrini ehtiva edən “Əli və Nino” bədii filminin epizodları, habelə Formula 1 Azərbaycan Qran-Prisi, Naxçıvan - İslam mədəniyyətinin paytaxtı, Azərbaycanın tarixi-mədəni abidələri, turistik məkanları, mətbəxi və multikulturalizm ənənələrinə həsr edilmiş videoçarxlar nümayiş olunub.

Bununla yanaşı, Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunan xüsusi dizayn və məhdud seriya nömrəli poçt markalarının rəsmi təqdimatı keçirilib.

Rəsmi qəbul yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.