SİYASƏT


Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib

London, 24 may, AZƏRTAC

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Londonda rəsmi qəbul keçirib.

Tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Lordlar Palatasının üzvü Lord David Evans, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.

Tədbiri açan səfir Tahir Tağızadə Azərbaycan diplomatiyasının tarixindən bəhs edib. O bildirib ki, Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, xarici siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Səfir tədbir iştirakçılarına müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. O, həmçinin mayın 22-də keçirilmiş Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası haqqında danışıb.

Baronessa Emma Nikolson Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illik tarixə malik olduğunu, iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdiyini bildirib. O, 101 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını çox mühüm tarixi hadisə adlandırıb və qadınlara səsvermə hüququnu verən Azərbaycanın bu yolda digər ölkələrə nümunə olduğunu bildirib. Emma Nikolson, həmçinin Lord David Evansın sahibi olduğu nəşriyyat evi tərəfindən çap olunan “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı haqqında danışıb. O, bu cür kitabların çap edilməsinin Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.