CƏMİYYƏT
Respublika Klinik Uroloji Xəstəxanasında qeydiyyatda olan xroniki böyrək çatışmazlığı xəstələrinin hamısı peyvəndlənib
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycanda hazırda 4 min nəfərə yaxın hemodializ xəstəsi var. Xroniki böyrək xəstəliyi ümumiyyətlə statistik olaraq 1 milyon əhaliyə nəzərən hesablanır. Dünyanın inkişaf etmiş ölkələrində 1 milyon əhaliyə, adətən, 1000-1200, hətta 1800 nəfər böyrək çatışmazlığından əziyyət çəkən xəstə düşür. Azərbaycanda isə həmin göstərici təxminən 560-600-dür. Həmin xəstələrin 40-45 faizi isə məhz konservativ müalicə effekt vermədiyi hallarda hemodializ müalicəsinə cəlb edilir. Ölkədə böyrək çatışmazlığı xəstəliyi daha çox kişilərdə müşahidə edilir. Həmçinin xroniki böyrək çatışmazlığına görə ölüm riskinı daha çox daşıyanlar da kişilərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) feysbuk hesabında canlı yayımda danışarkən deyib.
Mütəxəssis qeyd edib ki, ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası da belə xəstələr üçün bir sıra çətinliklər yaradıb: “Bütün hallar nəzərə alınaraq ölkədə vaksinasiya başlayandan üç ay sonra böyrək çatışmazlığı olan xəstələrin peyvəndlənməsinə başlanılıb. Respublika Klinik Uroloji Xəstəxanasında qeydiyyatda olan xroniki böyrək çatışmazlığı xəstələrinin hamısının peyvəndlənməsi həyata keçirilib”.
F.Babayevin dediyinə görə, böyrək çatışmazlığından əziyyət çəkənlər COVID-19 infeksiyasına yoluxduqda onlarda ciddi fəsadlar baş verir: “Təəssüf ki, bəzi belə hallar xəstələrin ölümü ilə nəticələnir. Xüsusilə qan laxtalanmasına səbəb olan fəsadlar ciddi ağırlaşma verir və xəstələrin ölümünə gətirib çıxarır. Xroniki böyrək çatışmazlığı, onsuz da, çox ağır xəstəlikdir. Ona görə də hemodializ xəstələrinin orqanizmi bəzən COVID-19 virusuna tab gətirə bilmir. Hətta sağlam olanlar da koronavirusa yoluxub sağaldıqdan sonra onlarda keçici də olsa, böyrək problemləri müşahidə edilir”.