REGİONLAR
Respublika Komissiyası: 2018-ci ildə arıçılara subsidiyanın verilməsi prosesi başa çatıb
Bakı, 29 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçən iclasda 29 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1840 arıçıya saxladıqları 40627 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə cəmi 406270 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az ) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Respublika Komissiyasının 2018-ci ildə keçirilmiş iclaslarında ölkə üzrə, ümumilikdə, 13482 arıçıya 310623 arı ailəsinə görə 3106,23 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərarlar qəbul edilib.
Bununla da 2018-ci ildə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyanın verilməsi prosesi başa çatıb.