CƏMİYYƏT
Respublika Müalicəvi Diaqnostika Mərkəzində gözün funksional vəziyyəti müasir cihazlar vasitəsilə bərpa edilir VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzinin konfrans zalında “Göz xəstəliklərinin müasir müalicə üsulları” mövzusuna həsr olunmuş seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən RMDM-in baş həkimi Könül Xəlilova tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın Azərbaycanda göz cərrahiyyəsindəki rolundan danışıb. Sonra görkəmli elm xadiminin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nitqinə davam edən K.Xəlilova qeyd edib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin oftalmologiya şöbəsi peşəkar idarəetmə, yüksəkixtisaslı personalı, müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərir: “Uzunmüddətli daxili təlimlərdən keçən, yüksək təhsilə və böyük iş təcrübəsinə malik olan tibbi heyət öz işində keyfiyyətli tibbi yardımı layiqli xidmət səviyyəsi ilə uyğunlaşdırmağa hazırdır. Peşəkar həkim-oftalmoloqlar ən müasir avadanlıqların köməyi ilə görmə qabiliyyətinin səviyyəsini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikasını aparırlar. Görmə orqanının xüsusiyyətlərini tədqiq etdikdən sonra görməni saxlamağa və hətta onu bərpa etməyə kömək edən müalicə təyin edirlər. Həmçinin inkişaf etməkdə olan kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır. Yüksəkixtisaslı həkim heyəti, yüksəkkeyfiyyətli cərrahiyyə və hər bir xəstəyə fərdi yanaşma, müalicənin etibarlılığı, habelə diaqnostik və cərrahi texnologiyaların davamlı təkmilləşdirilməsi, diaqnostik prosedurların bir kabinetdə cəmləşdirilməsi, bununla da pasiyentlərin rahatlığının və müayinə vaxtının azaldılmasının təminatı mərkəzi fərqli edən cəhətlərdəndir.
RMDM-də “Topcon” və “Tomey” (Yaponiya), “Infinity” və “Accurus” (ABŞ), “Allegretto”, “Zeiss” və “VisuMax” (Almaniya) kimi dünyanın aparıcı şirkətlərinin cihaz və avadanlıqları istifadə olunur, katarakta, buynuz təbəqənin xəstəliyi, astiqmatizm, yaxıngörmə, uzaqgörmə, qlaukoma, çəpgözlüyün bütün növləri, göz tənbəlliyi, görmə sinirinin və görmə yolunun xəstəliyi, göz qapaqlarının müxtəlif xəstəlikləri, diabeti olan xəstələrdə retina patoloji dəyişikliklər, tor qişasının patologiyaları, qopmalar, optik rekonstruktiv cərrahiyyə, rekonstruktiv plastik cərrahiyyə, terapevtik müalicə, uşaq patologiyalarının müalicəsi aparılır”.
Daha sonra “Refraktiv cərrahiyyədə yeni era-SMİLE” mövzusunda mərkəzin oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov, “Torlu qişanın yaşla bağlı dəyişiklikləri və damar xəstəliklərinin müalicəsi” mövzusunda oftalmoloq-retinoloq Ulduz Quliyeva və “Diabetik retinopatiyanın medikamentoz və cərrahi müalicəsi” mövzusunda isə vitreoretinal göz cərrahı Tural Qəlbinurun təqdimatı olub.