CƏMİYYƏT
Respublika Müalicəvi Diaqnostika Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə ginekoloji konfrans keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzində “Ginekologiyada təkmilləşmiş endoskopik cərrahiyyə - effektiv olmağın və fəsadların qarşısını almağın yolları” mövzusunda tibbi konfrans keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransa xarici ölkələrdən dəvət olunmuş professorlar Revaz Botçorişvili və Laura Kapuşeva iki gün müxtəlif mövzularda mühazirələr oxuyub, müxtəlif növ laparoskopik və histeroskopik əməliyyatlar həyata keçiriblər.
Konfransın ilk günü sırf nəzəri mövzulara həsr olunsa da, növbəti gündə üç çoxmərhələli əməliyyat icra edilib. Həmin əməliyyatlar canlı şəkildə konfrans iştirakçılarına nümayiş olunub. Bir neçə saat davam edən canlı əməliyyatlar uğurla başa çatdırılıb.
Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzi gələn il də xarici mütəxəssislərin iştirakı ilə konfrans və master-klasslar keçirməyi nəzərdə tutub.